Yaxın Şərqdə vəziyyət daha da gərginləşib. İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar, HƏMAS-ın cavab hücumları və bölgədə yaranan ağır humanitar böhran dünya ictimaiyyətinin diqqət mərkəzində qalır. Tərəflər arasında atəşkəs və girovların azad olunması ilə bağlı danışıqlar nəticəsiz qalsa da, beynəlxalq təşkilatlar prosesi dayandırmaq üçün səylərini davam etdirir.
Mövzu ilə bağlı bu gün ARB24 Televiziyasının “İşgüzar Səhər” verilişində siyasi şərhçi Əhməd Şahidov geniş açıqlama verib.
Əhməd Şahidov bildirib ki, həm İsrailin, həm də HƏMAS-ın hərbi əməliyyatları beynəlxalq humanitar hüququn prinsiplərinə ziddir. Ekspertin sözlərinə görə, İsrailin intensiv bombardmanları, mülki əhalinin həyatını itirməsi və humanitar yardımların qarşısının alınması Cenevrə Konvensiyasının müddəalarına açıq şəkildə ziddir.
Eyni zamanda, HƏMAS-ın da İsrail şəhərlərinə raket hücumları həyata keçirməsi və mülki şəxsləri hədəf alması beynəlxalq hüquq normalarını pozur və terror aktı kimi qiymətləndirilməlidir.
Əhməd Şahidov qeyd edib ki, nə İsrail, nə də HƏMAS hazırkı mərhələdə sülhə və kompromisə meylli görünmür. Hər iki tərəf hərbi və siyasi maraqlarını ön planda saxlayaraq, minlərlə günahsız insanın həyatını təhlükəyə atır.
Siyasi şərhçi həmçinin bölgədə baş verən digər proseslərə də diqqət çəkib. Husilərin Qırmızı dənizdə İsrail limanlarını blokadaya alması və İranın bölgədə artan təsiri vəziyyəti daha da mürəkkəbləşdirib.
Əhməd Şahidov sonda beynəlxalq ictimaiyyətə çağırış edərək bildirib ki, bu məsələyə selektiv deyil, obyektiv yanaşılmalı, həm İsrailin, həm də HƏMAS-ın beynəlxalq hüquq və humanitar hüquq normalarına riayət etməsi təmin olunmalıdır.






