Avropa İttifaqının qərəzli missiyası və Ermənistanın sülh manevrləri — Əhməd Şahidov ARB24 kanalına danışıb


Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar prosesi davam edir. Son günlər Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla görüşündə də bu məsələ diqqət mərkəzində olub. Görüşdə Cənubi Qafqazda sülhün bərqərar olunması, dövlətlərarası münasibətlərin qurulması və Azərbaycan-Ermənistan sülh sazişinin əhəmiyyəti vurğulanıb. Lakin prosesdə hələ də ciddi maneələr qalır. Ermənistanın sülh müqaviləsini məqsədli şəkildə yubadaraq müxtəlif bəhanələrlə danışıqları uzatması və Avropa İttifaqının sərhəd missiyasının birtərəfli fəaliyyəti regionda gərginliyi qoruyub saxlayır.

Mövzu ilə bağlı siyasi şərhçi Əhməd Şahidov ARB24 Televiziyasının “İşgüzar Səhər” verilişində çıxış edərək geniş şərh verib.

Əhməd Şahidov bildirib ki, Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqına balanslı və obyektiv monitorinq təklif edib: “Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirərək Aİ-yə təklif edib ki, sərhəd missiyası yalnız Ermənistan ərazisində deyil, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərsin. Çünki monitorinq yalnız birtərəfli şəkildə aparıldıqda, bu, vasitəçiliyin obyektivliyini sual altına alır və Ermənistan tərəfinin təxribatlarını kölgədə saxlayır.”

Siyasi şərhçi vurğulayıb ki, Ermənistan sülh prosesini məqsədli şəkildə yubadır və bunu həm daxili revanşist qüvvələri sakitləşdirmək, həm də geosiyasi alver üçün edir: “44 günlük müharibədən sonra yaranmış yeni regional reallığı Ermənistan qəbul etmək istəmir. Sülh müqaviləsinin imzalanması bu ölkənin revanşist dairələrinin siyasi planlarına ziddir. Avropa İttifaqı isə təəssüf ki, bu məsələdə tərəfsiz vasitəçi deyil və birtərəfli mövqe nümayiş etdirir.”

Əhməd Şahidov müsahibəsində qeyd edib ki, Azərbaycan beynəlxalq hüquqa və regionun təhlükəsizliyinə əsaslanan prinsipial mövqeyini qoruyur və sülh müqaviləsinin bir an öncə imzalanmasında maraqlıdır. Lakin bu məsələdə beynəlxalq təşkilatların ədalətli və balanslı mövqeyi həlledici əhəmiyyət daşıyır.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistandakı sərhəd missiyası yalnız Ermənistan ərazisində fəaliyyət göstərir və bu, Azərbaycan tərəfindən narazılıqla qarşılanıb. Rəsmi Bakı missiyanın hər iki tərəfdə fəaliyyət göstərməsi və ya tərəflərin razılığı əsasında monitorinq aparılmasını təklif etsə də, bu, Aİ tərəfindən qəbul edilməyib.