REAL TV-də müsahibə: Əhməd Şahidov ABŞ prezidenti Donald Trampın Qəzza planını və Ukrayna siyasətini şərh etdi


Dünya ictimaiyyətinin diqqəti ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq və Ukrayna siyasətinə yönəlib. Xüsusən də İsrail-Fələstin qarşıdurmasının yeni mərhələyə qədəm qoyduğu bir vaxtda Tramp administrasiyasının Qəzza zolağı ilə bağlı irəli sürdüyü plan böyük narazılıq doğurub. Plana əsasən, Qəzza sakinləri ərazilərindən çıxarılaraq üçüncü ölkələrə köçürüləcək. Bu isə Fələstin rəhbərliyi və ərəb-İslam dünyası tərəfindən sərt şəkildə rədd edilib.

Mövzu ilə bağlı Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov REAL Televiziyasının “Real İntervyu” proqramında çıxış edib. O, Trampın bu planını beynəlxalq hüquq normalarına və insan haqlarına zidd adlandıraraq bildirib ki, bu cür yanaşma bölgədə humanitar fəlakətə yol aça bilər.

Əhməd Şahidov müsahibəsində ərəb və İslam ölkələrinin bu məsələdə ortaq mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb. O, həmçinin ABŞ-ın Ukrayna siyasətini də tənqid edərək, Qərbin yanaşmasında ikili standartların olduğunu diqqətə çatdırıb.

Proqram çərçivəsində dünya gündəminin digər aktual mövzuları da müzakirə olunub.