Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda sülh danışıqları ilə bağlı yeni təşəbbüslər gündəmə gəlib. Rusiya Prezidenti Vladimir Putin son açıqlamasında danışıqların bərpasını təklif edib və Prezident Rəcəb Tayyib Ərdoğandan prosesin İstanbulda keçirilməsini rica etdiyini bildirib. Putin xüsusilə ilkin şərt olmadan, mayın 15-də birbaşa danışıqların başlamasını təklif etdiyini qeyd edib. Türkiyə isə sülh prosesinin təşkilinə dair bir sıra konkret təkliflər irəli sürüb. Bu təkliflər arasında humanitar atəşkəs, əsir və meyitlərin dəyişdirilməsi, mülki infrastruktura hücumların dayandırılması və danışıqların neytral zəmanətlə İstanbulda keçirilməsi yer alır.
Mövzu ilə bağlı ARB24 Televiziyasına canlı bağlantıda siyasi şərhçi Əhməd Şahidov geniş açıqlama verib. O bildirib ki, Rusiya tərəfinin bu təşəbbüsü irəli sürməsinin bir neçə əsas səbəbi var. Əhməd Şahidovun sözlərinə görə, cəbhədə vəziyyət Moskva üçün istənilən səviyyədə deyil və Rusiya həm hərbi itkilər, həm də beynəlxalq təzyiqlərlə üz-üzədir.
Siyasi şərhçi qeyd edib ki, Putin bu danışıqlar təşəbbüsü ilə əslində mövcud status-kvonu qorumaq və münaqişəni öz maraqları çərçivəsində dondurmaq niyyətindədir. Eyni zamanda, Ukraynanın NATO-ya üzvlüyü məsələsini danışıqlar yolu ilə təxirə salmaq və ya aradan qaldırmaq da Rusiyanın əsas məqsədlərindən biridir.
Əhməd Şahidov Türkiyənin sülh təşəbbüslərindən də danışaraq vurğulayıb ki, Ankara regionda etibarlı vasitəçi kimi çıxış edir və hər iki tərəf üçün qəbulolunan mərhələli sülh planı təklif edir. Bu plan humanitar məsələlərin həlli, əsirlərin dəyişdirilməsi, atəşkəs və sonda siyasi həll prosesinin mərhələli şəkildə aparılmasını nəzərdə tutur.
Müsahibənin sonunda siyasi şərhçi bildirib ki, hazırkı şəraitdə tərəflər arasında danışıqlara başlamaq çətin görünsə də, Türkiyə bu prosesi canlandırmaq üçün ən real və neytral platforma olaraq qalır.