Avropa İttifaqının aparıcı dövlətlərinin rəhbərləri — Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniya baş naziri Kir Starmer Ukraynanın paytaxtı Kiyevə səfər ediblər. Onlara Polşa baş naziri Donald Tusk da qoşulub. Səfərin əsas məqsədi Ukraynaya hərbi və iqtisadi dəstək mesajı verməklə yanaşı, Rusiyanın regiondakı artan hərbi təzyiqlərinə və geosiyasi planlarına qarşı vahid mövqe ortaya qoymaqdır.
Siyasi şərhçi Əhməd Şahidov ARB24-ə açıqlamasında bildirib ki, Rusiyanın bütün Ukrayna ərazisini tam ilhaq etmək və regionda yeni reallıq yaratmaq planları Avropanı ciddi narahat edir. Məhz bu səbəbdən Avropa liderləri Ukraynaya səfər edərək, təcili tədbirlər planı üzərində razılaşmağa çalışırlar.
“Rusiya təkcə Donbas və Krımı deyil, bütün Ukrayna ərazisini ilhaq etməyi və onu öz təsir dairəsinə qaytarmağı qarşıya məqsəd qoyub. Bu, artıq təkcə Ukraynanın deyil, bütün Avropanın təhlükəsizliyi üçün birbaşa təhdiddir. Hazırda Avropa liderləri bu təhlükəyə qarşı vahid cəbhə formalaşdırır və konkret tədbirlər planı hazırlayırlar,” — deyə Əhməd Şahidov bildirib.
Şərhçinin sözlərinə görə, səfərin daha bir əhəmiyyəti ABŞ prezidentinin elan etdiyi 30 günlük qeyd-şərtsiz atəşkəs çağırışının Avropa tərəfindən dəstəklənməsidir. Bu, beynəlxalq birlik daxilində Ukrayna ətrafında siyasi konsensusun mövcudluğunu təsdiqləyir və Rusiyanın regionda manevr imkanlarını xeyli məhdudlaşdırır.
“Bu səfər Ukraynaya təkcə siyasi deyil, həm də konkret hərbi və iqtisadi dəstək mesajı verir. Qərb Rusiyanın planlarına qarşı daha koordinasiyalı müdafiə və diplomatik siyasət qurur,” — deyə Əhməd Şahidov vurğulayıb.