Azərbaycan beynəlxalq hüququn tərəfindədir və Pakistanın haqlı mövqeyini dəstəkləyir – Əhməd Şahidov ARB24 kanalına danışıb


Son günlərdə Pakistan və Hindistan arasında yaşanan gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Tərəflər arasında sərhəd bölgələrində baş verən insidentlər və qarşılıqlı ittihamlar vəziyyəti daha da kəskinləşdirib. Hərbi qarşıdurma təhlükəsi gündəmdə qalmaqda davam edir. Bu prosesdə regional ölkələrin və beynəlxalq təşkilatların mövqeyi mühüm əhəmiyyət daşıyır.

Məhz bu mövzuda Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 Televiziyasına müsahibə verib. O, həm gərginlik fonunda yaranmış vəziyyəti, həm də Azərbaycanın bu məsələyə münasibətini şərh edib.

Əhməd Şahidov müsahibəsində ilk olaraq Pakistan-Hindistan münasibətlərində yaranmış son durum barədə danışıb. O bildirib ki, iki ölkə arasında davam edən gərginliyin səbəbi Hindistanın regionda apardığı təxribat xarakterli siyasətdir. Hüquq müdafiəçisinin sözlərinə görə, bu gərginlik istər diplomatik, istərsə də hərbi yolla həll edilə bilər. Lakin bunun üçün ilk növbədə beynəlxalq təşkilatların və nüfuzlu dövlətlərin bölgədə ədalətli və obyektiv mövqe sərgiləməsi vacibdir.

Azərbaycanın bu məsələdə rəsmi mövqeyinə toxunan Əhməd Şahidov qeyd edib ki, Azərbaycan dövləti hər zaman qardaş Pakistanın yanında olub və bu gün də dəstəyini açıq şəkildə ifadə edir. O, Pakistanın beynəlxalq hüquqa və regional sabitliyə əsaslanan siyasətini müdafiə etdiyini, Azərbaycanla Pakistan arasında tarixi və dostluq əlaqələrinin möhkəm təməllər üzərində qurulduğunu vurğulayıb.

Əhməd Şahidov həmçinin Azərbaycan-Pakistan münasibətlərindən danışaraq bildirib ki, bu iki ölkə yalnız diplomatik deyil, həm də hərbi, humanitar və beynəlxalq platformalarda bir-birini dəstəkləyir. Onun sözlərinə görə, bu münasibətlər regionun təhlükəsizliyi və sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir.

Sonda hüquq müdafiəçisi vurğulayıb ki, Azərbaycan xalqı Pakistan xalqının dərdini öz dərdi, sevincini isə öz sevinci kimi qəbul edir və bu qardaşlıq münasibəti heç zaman dəyişməyəcək.