Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Səfər çərçivəsində Azərbaycan və Çin arasında siyasi, iqtisadi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm razılaşmalar əldə olunub. Həmçinin regional və qlobal layihələrdə, xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü və Zəngəzur dəhlizinin gələcək perspektivləri ilə bağlı tərəflər arasında fikir mübadiləsi aparılıb.
Bu mövzuya dair Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Çinin nüfuzlu CGTN (China Global Television Network) kanalına geniş müsahibə verib. Müsahibə zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfərinin əhəmiyyəti, iki ölkə arasında inkişaf edən əməkdaşlıq, “Bir kəmər, bir yol” layihəsi, Zəngəzur dəhlizinin perspektivləri və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Əhməd Şahidov Azərbaycan və Çin arasında siyasi, iqtisadi və mədəni əlaqələrin son illər ərzində dinamik inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin Çinə dövlət səfəri bu münasibətlərin daha da dərinləşməsi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi baxımından mühüm hadisədir.
Müsahibədə “Bir kəmər, bir yol” beynəlxalq təşəbbüsünün Azərbaycanın regionda tranzit və logistika mərkəzinə çevrilməsindəki roluna diqqət çəkən Əhməd Şahidov bildirib ki, Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna yatırılan sərmayələr ölkənin bu qlobal layihədə aparıcı tərəfdaşlardan birinə çevrilməsinə zəmin yaradır.
Hüquq müdafiəçisi eyni zamanda Zəngəzur dəhlizinin açılmasının regional iqtisadi əməkdaşlıq və sülhə verəcəyi töhfələrə toxunub. Əhməd Şahidov qeyd edib ki, bu dəhliz təkcə Azərbaycan üçün deyil, həm də Çin, Mərkəzi Asiya və Avropa ölkələri üçün yeni nəqliyyat imkanları yaradacaq və regionda sabitliyin möhkəmlənməsinə xidmət edəcək.
Sonda Əhməd Şahidov Azərbaycan və Çin arasında humanitar və mədəni əlaqələrin də inkişaf etdiyini vurğulayaraq, qarşılıqlı etimada əsaslanan münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, CGTN kanalı vasitəsilə yayımlanan bu müsahibə beynəlxalq auditoriya tərəfindən maraqla qarşılanıb və Azərbaycan-Çin münasibətlərinin perspektivlərinə dair əhəmiyyətli mesajlar verib.