“Hindistanın siyasəti Kəşmirdə humanitar faciəyə səbəb olacaq” – Əhməd Şahidov Baku TV`ə danışıb


Cənubi Asiyada son günlərdə artan hərbi və diplomatik gərginlik beynəlxalq ictimaiyyətin diqqətini yenidən Kəşmir problemində cəmləşdirib. Hindistan və Pakistan arasında sərhəd xəttində baş verən toqquşmalar və qarşılıqlı ittihamlar bölgədə ciddi narahatlıq doğurub. BMT və nüfuzlu dövlətlər tərəfləri təmkinə çağırsa da, vəziyyət get-gedə daha təhlükəli bir istiqamətə yönəlir. Əldə olunan məlumata görə, yaxın saatlarda Hindistan ordusunun Pakistan ərazisinə qarşı hərbi əməliyyata başlaması ehtimalı yüksək qiymətləndirilir.

Mövzunun aktuallığı nəzərə alınaraq, bu gün Baku TV-nin efirində məsələ geniş şəkildə müzakirə olunub. Proqramın qonağı olan siyasi şərhçi Əhməd Şahidov, Kəşmir məsələsinin tarixi, mövcud durumu və mümkün inkişaf ssenariləri barədə fikirlərini bölüşüb.

Əhməd Şahidov çıxışında vurğulayıb ki, Kəşmir münaqişəsi yalnız Cənubi Asiya üçün deyil, bütövlükdə qlobal təhlükəsizlik üçün ciddi təhdiddir. O bildirib ki, Hindistanın Baş naziri Narendra Modi hökuməti son illərdə Kəşmir bölgəsində müsəlman əhalinin fundamental insan hüquqlarını kobud şəkildə pozur, bölgədə hərbi təzyiqləri artırır və yerli əhalinin azadlıqlarını məhdudlaşdırır. Modi hökumətinin Kəşmirin xüsusi statusunu ləğv etməsi, bölgəyə əlavə ordu hissələrinin yeridilməsi və kütləvi həbslər humanitar vəziyyəti daha da ağırlaşdırıb.

Siyasi şərhçi qeyd edib ki, Hindistan hökumətinin repressiv siyasəti və mümkün hərbi əməliyyat ehtimalı təkcə iki dövlət arasında müharibə riskini artırmır, eyni zamanda Kəşmir əhalisi üçün böyük humanitar fəlakətə yol aça bilər. Əhməd Şahidov Hindistanın Ermənistana müasir silahlar ötürməsi və Cənubi Qafqazda destruktiv qüvvələrlə əməkdaşlıq etməsinin də bölgədə təhlükəli balanssızlıq yaratdığını diqqətə çatdırıb.

Azərbaycanın bu məsələdə hər zaman Pakistanın yanında olduğunu vurğulayan Əhməd Şahidov bildirib ki, Azərbaycan Kəşmir probleminin beynəlxalq hüquq və BMT qətnamələri əsasında, sülh və dialoq yolu ilə həllinin tərəfdarıdır. O əlavə edib ki, Azərbaycan və Pakistan arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik münasibətləri hər iki ölkənin maraqlarını müdafiə etmək və bölgədə sabitliyi qorumaq baxımından mühüm siyasi və hərbi dayağa çevrilib.

Sonda siyasi şərhçi beynəlxalq ictimaiyyətə çağırış edərək bildirib ki, Modi hökumətinin bölgədə insan hüquqlarını pozan siyasətinə və mümkün hərbi müdaxilə planlarına qarşı sərt mövqe nümayiş etdirilməli, bölgədə dinc əhalinin taleyi diqqət mərkəzində saxlanılmalıdır.

Azərbaycan isə öz növbəsində, Pakistanın haqlı mövqeyini və Kəşmir xalqının ədalətli mübarizəsini dəstəkləyir, bölgədə sülh və sabitliyin təmin olunmasının tərəfdarıdır.