Cənubi Asiyada baş verən son hərbi və diplomatik gərginlik beynəlxalq diqqəti yenidən Kəşmir probleminə yönəldib. Pakistan və Hindistan arasında sərhəd xəttində yaşanan toqquşmalar və qarşılıqlı ittihamlar, bölgədə və dünyada ciddi narahatlıq yaradıb. BMT və aparıcı dövlətlər tərəfləri təmkinə çağırsa da, vəziyyət getdikcə daha təhlükəli məcraya yönəlir. Məlumata görə, yaxın saatlarda Hindistan ordusunun Pakistan ərazisinə qarşı hərbi əməliyyat keçirməsi ehtimalı yüksək qiymətləndirilir.
Mövzunun aktuallığını nəzərə alaraq, bu gün Real Televiziyasının “Səhər Agenti” proqramında məsələ ətrafında geniş müzakirə aparılıb. Proqramın qonağı olan siyasi şərhçi Əhməd Şahidov Kəşmir məsələsinin tarixi, indiki vəziyyəti və mümkün inkişaf ssenariləri barədə fikirlərini bölüşüb.
Əhməd Şahidov çıxışında bildirib ki, Kəşmir münaqişəsi Cənubi Asiya üçün ən ciddi təhlükə mənbəyi olmaqla yanaşı, qlobal təhlükəsizlik üçün də ciddi təhdiddir. O qeyd edib ki, bu problem 1947-ci ildən bəri üç genişmiqyaslı müharibəyə səbəb olub və bu gün vəziyyət daha kritik hal alıb. Xüsusilə Hindistanın Ermənistana müasir silahlar verməsi və Cənubi Qafqazda destruktiv qüvvələrlə əməkdaşlıq etməsi regionda təhlükəli balanssızlıq yaradır.
Əhməd Şahidov Azərbaycanın bu məsələdə hər zaman Pakistanın yanında olduğunu vurğulayaraq qeyd edib ki, Azərbaycan Kəşmir probleminin beynəlxalq hüquq və BMT qətnamələri əsasında həllinin tərəfdarıdır. O əlavə edib ki, Azərbaycan və Pakistan arasında formalaşmış qardaşlıq və strateji müttəfiqlik münasibətləri hər iki ölkənin maraqlarını qorumaq və regionda sülhü təmin etmək üçün mühüm siyasi və hərbi dayaqdır.
Siyasi şərhçi çıxışının sonunda beynəlxalq ictimaiyyətə çağırış edərək bildirib ki, Kəşmir münaqişəsi yalnız sülh və dialoq yolu ilə həll olunmalıdır. Ancaq Hindistanın hazırkı mövqeyi və planlaşdırılan hərbi əməliyyat ehtimalı bölgədə yeni humanitar fəlakətə yol aça bilər.
Azərbaycan isə öz növbəsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və qardaş ölkənin yanında olduğunu qətiyyətlə bəyan edir.