“Azərbaycan Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb


Cənubi Asiyada baş verən son gərginlik beynəlxalq diqqəti yenidən Kəşmir münaqişəsinə yönəldib. Pakistan və Hindistan arasında sərhəd xəttində baş verən toqquşmalar, diplomatik qarşıdurmalar və nüvə təhlükəsi regionda və dünyada ciddi narahatlıq yaradıb. BMT və aparıcı dövlətlər tərəfləri təmkinə və dialoqa çağırsa da, bölgədə vəziyyət getdikcə daha təhlükəli xarakter alır.

Mövzunun aktuallığı nəzərə alınaraq bu gün ARB24 Televiziyasının “İşgüzar Səhər” proqramında məsələ ətrafında geniş müzakirə aparılıb. Proqramın qonağı olan siyasi şərhçi Əhməd Şahidov Kəşmir məsələsinin tarixi, bugünkü vəziyyəti və perspektivləri barədə ətraflı çıxış edib.

Çıxışı zamanı siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Pakistan və Hindistan arasında davam edən Kəşmir münaqişəsi Cənubi Asiya üçün ən böyük təhlükə mənbəyidir və bu qarşıdurma yalnız region deyil, qlobal təhlükəsizlik üçün də ciddi risk yaradır. Əhməd Şahidov qeyd edib ki, münaqişənin tarixi 1947-ci ilə dayanır və bu problem üç genişmiqyaslı müharibəyə səbəb olub.

Siyasi şərhçi Əhməd Şahidov Azərbaycanın bu məsələdə tutduğu prinsipial mövqeyə xüsusi diqqət çəkərək bildirib ki, Azərbaycan Kəşmir probleminin beynəlxalq hüquq və BMT qətnamələri əsasında həll olunmasının tərəfdarıdır və bu məsələdə açıq şəkildə Pakistanın mövqeyini dəstəkləyir. O vurğulayıb ki, Azərbaycanla Pakistan arasında strateji müttəfiqlik və qardaşlıq münasibətləri mövcuddur və Azərbaycan hər zaman İslamabadın haqlı mövqeyinin yanında olub.

Canlı yayım zamanı siyasi şərhçi Əhməd Şahidov Hindistanın son illər Ermənistanla hərbi əməkdaşlıq siyasətini də sərt tənqid edib. O bildirib ki, Hindistanın Ermənistana müasir silahlar verməsi və regionda destruktiv qüvvələrlə əməkdaşlıq etməsi Azərbaycan üçün qətiyyən qəbuledilməzdir. Əhməd Şahidov əlavə edib ki, Hindistanın belə bir siyasəti regionda yeni təhlükəli vəziyyət yaradır və Cənubi Qafqazda sülh prosesinə ciddi zərbə vurur.

Siyasi şərhçi Əhməd Şahidov vurğulayıb ki, Azərbaycan Ermənistanın silahlandırılmasını region üçün təhlükə hesab edir və Hindistanın bu siyasətini beynəlxalq hüquq və regional sabitliyə zidd addım kimi qiymətləndirir. O əlavə edib ki, Azərbaycan və Pakistan arasında formalaşmış qardaşlıq münasibətləri, o cümlədən Türkiyə ilə üçtərəfli əməkdaşlıq formatı bu cür təhdidlərə qarşı güclü siyasi və strateji blok yaradır.

Çıxışının sonunda siyasi şərhçi Əhməd Şahidov Kəşmir məsələsinin yalnız sülh və dialoq yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həll olunmasının mümkün olduğunu qeyd edərək, beynəlxalq ictimaiyyəti bu məsələyə daha prinsipial və ədalətli yanaşmağa çağırıb.