Bu gün ARB24 Televiziyasının “İşgüzar Səhər” verilişində regionda və dünyada baş verən mühüm geosiyasi hadisələr – Prezident İlham Əliyevin Çinə son rəsmi səfəri, Çin-Azərbaycan strateji əməkdaşlığının perspektivləri, Ermənistanın Hindistandan yeni silahlar əldə etməsi və Ermənistan-Azərbaycan sülh danışıqlarının hazırkı mərhələsi müzakirə olunub. Həmçinin, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri və rəsmi Bakının dünya güc mərkəzləri ilə apardığı balanslı siyasət barədə fikir mübadiləsi aparılıb.
Verilişin qonağı olan siyasi şərhçi Əhməd Şahidov qeyd olunan məsələlər ətrafında təhlillər apararaq, Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu və bu əməkdaşlığın iqtisadi və siyasi baxımdan region üçün önəmli mesaj verdiyini bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Çinə səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir və bu, Azərbaycanın Cənubi Qafqazda artan nüfuzunu bir daha təsdiqləyir.
Əhməd Şahidov, eyni zamanda, Ermənistanın Hindistandan yeni hərbi texnika alması məsələsinə də toxunaraq, bunun regionda təhlükəsizlik balansını poza biləcəyini vurğulayıb. O bildirib ki, Ermənistanın silahlanması və revanşist ritorikasını davam etdirməsi sülh prosesinə zərbə vurur və bölgədə yeni gərginlik ehtimalını artırır.
Veriliş boyu ekspert Ermənistan-Azərbaycan sülh danışıqlarının gedişi və tərəflər arasında aparılan diplomatik təmasları dəyərləndirərək, Azərbaycanın bu prosesdə ardıcıl və prinsipial mövqe nümayiş etdirdiyini qeyd edib. Əhməd Şahidov həmçinin, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə toxunaraq bildirib ki, Bakı rəsmiləri dünya güc mərkəzləri ilə balanslı və çoxşaxəli siyasət yürütməklə milli maraqları təmin etməyə çalışır.
Siyasi şərhçi Əhməd Şahidov Azərbaycanın bu mürəkkəb beynəlxalq şəraitdə çevik diplomatik mövqe sərgilədiyini və bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün ardıcıl səylər göstərdiyini vurğulayıb.