2025-ci ilin aprel ayı Rusiya-Ukrayna müharibəsində döyüşlərin daha da şiddətləndiyi və beynəlxalq müstəvidə sülh təşəbbüslərinin gündəmə gəldiyi bir dövr kimi yadda qalır. Son günlər Donetsk, Sumı və Zaporojye istiqamətlərində intensiv hərbi toqquşmalar müşahidə olunur. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin Pasxa bayramı münasibətilə elan etdiyi 30 saatlıq atəşkəs, Ukrayna və Qərb ölkələri tərəfindən ehtiyatla qarşılanır. Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamalarına görə, bu addım daha çox simvolik xarakter daşıyır və əslində döyüşlər davam edir.
Məhz bu mövzular 20 aprel 2025-ci il tarixində ARB24 Televiziyasının efirində yayımlanan “Gündəm” proqramında müzakirə olunub. Verilişin qonağı olan siyasi şərhçi Əhməd Şahidov müharibənin son mərhələsini geniş şəkildə təhlil edərək, cəbhədə baş verənlər, beynəlxalq münasibətlərin gedişi və mümkün sülh perspektivləri barədə ətraflı məlumat verib.
Siyasi şərhçi Əhməd Şahidov proqramda çıxışı zamanı vurğulayıb ki, Ukraynanın Bryansk vilayətinə PUA hücumu və Rusiya tərəfindən Ukraynanın şərq vilayətlərinə endirilən zərbələr müharibənin yalnız ön cəbhə ilə məhdudlaşmadığını göstərir. O bildirib ki, tərəflər arasında etimadsızlıq danışıqlar prosesini çıxılmaz vəziyyətə salır və bu da regionda uzunmüddətli sabitliyin yaranmasına mane olur.
Əhməd Şahidov həmçinin qeyd edib ki, Qərbin, xüsusilə ABŞ və Böyük Britaniyanın diplomatik təzyiqləri artmaqdadır və bu təzyiqlər nəticəsində yaxın aylarda münaqişənin daha geniş miqyaslı danışıqlar müstəvisinə keçməsi mümkündür.