İran ətrafında baş verən proseslər və Azərbaycanın milli maraqları – Əhməd Şahidov ARB24 kanalına danışıb


Bu gün ARB24 Televiziyasının “Gündəm” verilişində regionda baş verən mühüm geosiyasi proseslər – Omanda keçirilən ABŞ-İran görüşləri, İran ətrafında cərəyan edən son hadisələr, İran-Ermənistan hərbi təlimləri və bütün bu proseslərin Azərbaycan üçün mümkün təsirləri müzakirə olunub.

Verilişin qonağı olan siyasi şərhçi Əhməd Şahidov qeyd olunan məsələlər ətrafında dərin təhlillər apararaq, regional və beynəlxalq dinamikanın Azərbaycana təsir mexanizmlərini izah edib. O bildirib ki, ABŞ və İran arasında Omanda baş tutan gizli görüşlər tərəflər arasında gərginliyin azaldılması məqsədi daşıyır və bu, dolayısı ilə Cənubi Qafqaz regionuna da təsirsiz ötüşməyəcək.

Əhməd Şahidov, eyni zamanda, İran-Ermənistan arasında keçirilən birgə hərbi təlimlərin mahiyyətini şərh edərək, bunun Azərbaycanın milli təhlükəsizliyi baxımından narahatedici məqamlar daşıdığını vurğulayıb. Onun sözlərinə görə, bu cür addımlar bölgədə balansın pozulmasına xidmət edə və gərginliyi artıra bilər.

Veriliş boyu ekspert bölgədəki dəyişən siyasi mənzərəni qiymətləndirərək, Azərbaycanın diplomatik və təhlükəsizlik siyasətində çevik və soyuqqanlı mövqe nümayiş etdirməsinin vacibliyini qeyd edib.