“Ruben Vardanyan və digər erməni şəxslərin məhkəməsi beynəlxalq arenada yaxından izlənilir” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb


Latviya Seyminin deputatlarının təxminən beşdə bir hissəsi Ruben Vardanyana hökm çıxarılması zamanı yerli aspektlərlə yanaşı, beynəlxalq aspektlərin də nəzərə alınması barədə bəyanatla çıxış edib. Deputatlar Vardanyanın cinayətkar fəaliyyətinin beynəlxalq miqyasına diqqət çəkərək, onu “Putinin sponsoru” və separatizmin tərəfdarı adlandırır, onun üçün sərt cəza tələb edirlər. Onlar Vardanyanla bağlı çıxarılacaq hökmün postsovet məkanında Kreml yönümlü separatçılar üçün dərs olacağına ümidvar olduqlarını bildiriblər.

Mövzu ilə bağlı ARB24 Televiziyasında çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, Ruben Vardanyan və digərlərinin Bakıda keçirilən məhkəmə prosesi postsovet məkanında bir ilkdir və Azərbaycanın beynəlxalq terrorizmə və separatizmə qarşı mübarizədə cəsarətli duruş nümayiş etdirdiyini göstərir. Artıq bir sıra Baltikyanı dövlətlərdə Azərbaycanın bu mübarizəsi yaxından öyrənilir və alqışlanır.