Fevralın 28`də ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən görüş gərgin keçib və diplomatik qalmaqalla nəticələnib. Görüş zamanı Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini Üçüncü Dünya Müharibəsini təhrik etməkdə ittiham edib və Ukraynaya göstərilən hərbi yardımın dayandırılmasını nəzərdən keçirdiyini bildirib.
Nəticədə, tərəflər arasında gözlənilən iqtisadi əməkdaşlıq sazişi imzalanmayıb və bu, iki ölkə arasındakı münasibətlərin pisləşməsinə səbəb olub. Zelenski isə görüşdən sonra ABŞ-ın dəstəyinə görə təşəkkürünü bildirib və Ukraynanın azadlığı və təhlükəsizliyi üçün mübarizəni davam etdirəcəyini vurğulayıb.
Avropa liderləri isə Ukraynadakı münaqişəyə son qoymaq və Avropanın təhlükəsizliyini gücləndirmək məqsədilə son günlərdə bir sıra mühüm müzakirələr aparıblar. Avropa İttifaqı liderləri Londonda toplaşaraq Ukraynada davam edən münaqişənin dayandırılması və davamlı sülhün təmin edilməsi üçün bir aylıq atəşkəs təklifi irəli sürüblər. Böyük Britaniyanın Baş naziri Sir Keir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski bu təşəbbüsə rəhbərlik ediblər. Makron Avropanın müdafiə xərclərinin artırılmasının və Aİ-nin fiskal qaydalarında daha çox çevikliyin vacibliyini vurğulayıb.
Mövzu ilə bağlı ARB24 Televiziyasının “Gündəm” verilişində danışan siyasi şərhçi Əhməd Şahidov ABŞ`ın dəstəyi olmadan Ukraynanın müharibədə qələbə qazanmasının mümkün olmayacağını bildirib.