“Ukrayna məğlubiyyətə tərk edilir” – Əhməd Şahidov Münhen Təhlükəsizlik Konfransı barədə ARB24 kanalına danışıb


61-ci Münhen Təhlükəsizlik Konfransı (MSC 2025) başlayıb. Tədbirdə dünyanın aparıcı siyasətçiləri, diplomatları və ekspertləri bir araya gələrək qlobal təhlükəsizlik çağırışlarını, münaqişələri və beynəlxalq münasibətlərin gələcəyini müzakirə edəcəklər.

Konfransın açılış mərasimində müxtəlif ölkələrin liderləri çıxış edərək mövcud geosiyasi gərginliklər, Ukraynadakı müharibə, Yaxın Şərqdəki böhranlar və Asiya-Sakit okean regionundakı təhlükəsizlik problemləri kimi aktual məsələlərə toxunublar. Xüsusilə NATO-nun gələcək strategiyası, süni intellektin təhlükəsizlik sahəsində rolu və enerji təhlükəsizliyi müzakirələrin əsas mövzuları sırasındadır.

Tədbirdə ABŞ, Avropa İttifaqı və digər böyük dövlətlərin nümayəndələri ilə yanaşı, Azərbaycan da təmsil olunur. Azərbaycan nümayəndə heyətinin çıxışında regional təhlükəsizlik, enerji layihələri və Cənubi Qafqazdakı sabitlik məsələlərinə toxunulacağı gözlənilir.

Mövzu ilə bağlı ARB24 Televiziyasına danışan hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında baş tutan danışıqlardan sonra Ukraynada müharibənin dayandırılması gündəlikdə duran əsas məsələdir. Lakin bu, tərəflər arasında atəşkəs razılaşması şəklində olacaq ki, burada da Ukraynanın ərazi bütövlüyü məsələsi arxa plana keçir. Rusiyanın istəkləri nəzərə alınır və beləliklə müharibə Ukraynanın məğlubiyyəti ilə yekunlaşır.