“İrandan Azərbaycana qarşı təxribat Tehranın cılızlığıdır” – Əhməd Şahidov ARB24 kanalına danışıb


İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan bu gün Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Azərbaycan XİN məlumat yayıb. Qeyd olunub ki, görüş zamanı ötən ilin 29 dekabrında İranda keçirilən tədbirdə Azərbaycana və dövlət başçısına qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, İran İslam Respublikasının etibar edə biləcəyi yeganə qonşusu Azərbaycan Respublikasıdır. Buna baxmayaraq, Tehran mütəmadi olaraq, Bakının əleyhinə təxribat yönümlü açıqlamalar və qərəzli addımlar atmaqla özünütəcrid prosesini daha da dərinləşdirir. Azərbaycana və onun Prezidentinə qarşı səsləndirilən təhqiramiz ifadələr isə Tehranın cılızlığını göstərir. Görünür, İran İslam Respublikasını idarə edən şəxslərin uzaqgörənliyi yoxdur və cılız emosiyalarla hərəkət edirlər.