Azərbaycan və Ermənistan arasında sülhə kimlər mane olur? – Əhməd Şahidov ARB24 kanalında şərh edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 79-cu sessiyasının “Yüksək Səviyyəli Həftə”si öz işinə başlayıb. Sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüşün baş tutacağı gözlənilir. İki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar davam etməkdədir.

Mövzu ilə bağlı ARB24 Televiziyasının “Gündəm” proqramında danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Bakı və İrəvan arasında sülh danışıqları intensiv şəkildə davam edir. Lakin sülhün əldə olunmasına əngəl olan bir sıra faktorlar mövcuddur. Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında vasitəçilik rolunun həyata keçirilməsi ilə bağlı Qərb və Rusiya arasında mübarizə gedir. Nyu-Yorkda tərəflər arasında görüş baş tutarsa, bunun ardında Moskva da analoji görüşün Rusiya ərazisində keçirilməsi təşəbbüsü ilə çıxış edəcək.