“Zəngəzur dəhlizi regionda maraqların toqquşduğu düyünə çevrilib” – Əhməd Şahidov ARB24 kanalında şərh edib

44 günlük İkinci Qarabağ müharibəsinin ardından Rusiya və Ermənistan arasında münasibətlər gərginləşmiş və tərəflər arasında qarşılıqlı ittihamlarla müşayiət olunan soyuqluq yaranmışdı. Lakin Moskva və Yerevan arasında ticarət dövriyyəsinin ildən-ilə artması və bu ilin sonuna qədər 16 milyard dollara çatdırılacağı proqnozu fərqli proseslərdən xəbər verir.

ARB24 Televiziyasında yayımlanan “Gündəm” verilişinin qonağı olan siyasi şərhçi Əhməd Şahidov hesab edir ki, Rusiya və Ermənistan arasında münasibətlər, eləcə də İran və Rusiya arasında son günlər nümayiş etdirilən gərginlik sadəcə imitasiyadır və əsas məqsəd bölgədə Zəngəzur dəhlizinin açılmasına əngəllər yaratmaqdır.

Çünki, Zəngəzur dəhlizinin Azərbaycan və Türkiyənin istədiyi şərtlərdə açılması bölgədə Rusiya və İranın maraqlarına əsla xidmət eləmir. Bu səbəbdən də, Moskva və Tehran ciddi şəkildə bu layihənin reallaşmasına mane olmağa çalışır və ya Zəngəzur dəhlizinə nəzarəti tam şəkildə öz üzərinə götürməyə çalışırlar. Görünən odur ki, Zəngəzur dəhlizi layihəsi hələ fəaliyyətə başlamadan, regionda böyük güclərin maraqlarının toqquşduğu düyünə çevrilib.