24 İyun 2010-cu il tarixdə – məhz böyük türkçü Əbülfəz Elçibəyin doğum günündə Azərbaycanda bir qrup gənc araşdırmaçı tərəfindən yeni bir təşkilatın – “Türk Dünyası Araşdırmaları Mərkəzi”nin əsası qoyuldu. Bu təşkilatın yaranması dünyada cərəyan edən geosiyasi proseslərin fonunda bir ehtiyac olduğunu vurğulayan təşkilatın rəhbəri gənc alim, fəlsəfə doktoru Əhməd Şahidovun sözlərinə görə, TDAM-ın əsas fəaliyyət prinsipləri bütün Türk dövlətlərinin tarixi, mədəni, ictimai-siyasi, o cümlədən coğrafi durumunu araşdırmaq, onlar arasındakı koordinasiyanın konturlarını cızmaq və gələcəkdə yaranacaq böyük birliyin ideologiyasını araşdırmaqdır: “Bu təşkilat Azərbaycanda fəaliyyət göstərən bütün türkçü insanları öz sıralarına dəvət edir. Biz burada xüsusilə Türk dünyasının birliyinin sırf elmi mexanizmini işləyib hazırlayacaq və bu sahədə öz töhfəmizi real əməllərlə nümayiş etdirəcəyik”.
Müxtəlif tədbirlər, konfranslar, treninqlər və beynəlxalq tədbirlər keçirəcəklərini vurğulayan təşkilat sədri yaxın zamanlarda TDAM-ın qeydiyyata alınması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcəklərini, qısa müddət ərzində təşkilatın saytının (www.tdam.biz) aktiv olacağını da qeyd etdi: “Bütün gücümüzü səfərbər edib təşkilatın tanınması və beynəlxalq səviyyədə işlər görə bilməsi üçün ciddi tədbirlər planı hazırlamışıq. Təşkilatımızın saytı artıq başa çatmaq üzrədir. Bundan əlavə TDAM-ın dərgisini də nəşr etdirmək fikrindəyik. Müxtəlif sosial şəbəkələrdə TDAM barədə ciddi təbliğat kampaniyaları aparmaq niyyətindəyik. Hələlik görəcəyimiz işlərimiz çoxdur. İnşallah, tədricən geniş ictimaiyyət də təşkilatımızın fəaliyyəti ilə yaxından tanış ola biləcək”.