Erməni və azərbaycanlı ekspertlər yenidən üz-üzə gəldi – nüfuzlu Əl Cəzirə kanalında növbəti debat

Erməni və azərbaycanlı ekspertlər növbəti dəfə dünya mediasında üz-üzə gəliblər. Bugün Tovuz istiqamətində erməni ordusunun atəşkəsi pozması ilə bağlı nüfuzlu Əl Cəzirə kanalında canlı debat keçirilib. Ermənistanın tanınmış eksperti Sako Arian Tovuz istiqamətində atəşkəsin pozulmasında Azərbaycan və Türkiyəni ittiham edərək, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə diqqəti çəkib. Erməni ekspert bir qədər də irəli gedərək, əsl erməni həyasızlığını göstərib və dolayısıyla bu təxribatların erməni ordusu tərəfindən başladıldığını etiraf etmiş olub. Sako Arian 44 günlük müharibədə qələbə qazanmış Azərbaycanın hansısa yükləkliklərə görə bu qədər israrlı dirənişini anlamadığını və həmin yüksəkliklərin erməni əhalinin təhlükəsizliyi üçün önəmli olduğunu bildirib.

Erməni ekspertin bu sərsəm iddiaları azərbaycanlı hüquq müdafiəçisi tərəfindən cavabsız qalmayıb. Azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidov beynəlxalq hüququn tələblərini əsas gətirərək, Azərbaycanın suveren ərazisi olan həmin ərazilərə istənilən hücumun qarşısının alınacağını və erməni tərəfinin bu təxribatlarının ağır nəticələrə yol açacağını qeyd edib. Sitat: “Siz anlamaq istəmirsiz ki, həmin ərazilər Azərbaycan Respublikasının rəsmi qəbul edilmiş torpaqlarıdır. 30 il idi ki, işğal altında olub və 44 günlük müharibədə Azərbaycan ordusu tərəfindən azad edilib. Bugün Azərbaycan əsgəri dövlət sərhədlərini qorumaqdadır. Ermənistan bir tərəfdən sülhdən danışır, digər tərəfdən də bucür təxribatlara əl atır. Bunu necə başa düşək?! Ermənistan dünyada ikili standartların və ikiüzlülüyün dövlət siyasətinə çevrildiyi yeganə ölkədir bəlkə də. 2 gün bundan öncə erməni tərəfinin analoji təxribatı Ermənistana baha başa gəldi. Ermənistanda vətəndaşlar öz hakimiyyətlərinə qarşı etiraz aksiyaları keçirir. Ermənistan hakimiyyəti isə sərhəddə vəziyyəti gərginləşdirməklə diqqəti daxili xaosdan yayındırmağa çalışır. İstənilən halda Azərbaycan öz haqlı mövqeyindən vaz keçməyəcək. Erməni tərəfi də bunu anlasa, yaxşı olar”, – deyə Əhməd Şahidov deyib.

Əl Cəzirə kanalının aparıcısının erməni ekspertə sualı isə ermənilərin daha bir niyyətini ortaya qoydu. “Ermənistan Rusiyaya kömək üçün müraciət etsə də, hələ də müsbət bir cavab ala bilməyib. Bundan sonra hansı addımları atmağı düşünür erməni tərəfi?” sualına Sako Arian “ABŞ və Qərb ölkələrinə müraciət edə bilərik” cavabını verib.

Əhməd Şahidov isə erməni ekspertə cavabında Ermənistanın bu çırpıntılarının nəticə verməyəcəyini və rəsmi Bakının sülh təkliflərinə müsbət cavab verməyin ən doğru seçim olduğunu bir daha vurğulayıb.

Qeyd edək ki, bir-neçə gün bundan öncə də Əl Cəzirə kanalında erməni və azərbaycanlı ekspertlərin debatı baş tutmuşdu. Dünya mediasında Azərbaycanın haqlı mövqeyinin çatdırılması və erməni təbliğatının ifşa edilməsi baxımından bucür çıxışlar və debatlar ölkəmiz üçün böyük əhəmiyyət daşıyır.

#Azərbaycan #Ermənistan #AlJazeera #Qarabağ #Şuşa #Kəlbəcər #Laçın #Tovuz #Türkiyə #İran #Rusiya #debat #erməni #terror

Bu yazını Facebookda şərh et