Şuşa şəhərini azad etməklə, hərbi nöqteyi nəzərdən, Azərbaycan Ordusu Xankəndi şəhəri üzərindəki strateji yüksəkliklər, o cümlədən Ermənistan ilə Xankəndi arasındakı yol üzərində nəzarəti əldə etmiş oldu. Beləliklə də, qeyd etmək olar ki, münaqişənin hərbi fazası yekunlaşdı. Erməni tərəfi bundan sonra ola bilsin ki, partizan müharibəsi aparacaq. Amma erməni hərbi komandanlığı öz əsgərlərinin həyatlarını xilas etmək üçün sadəcə təslim olsa və Ermənistan danışıqlar masasına oturmaqla münaqişənin sülh yoluyla həllinə nail olsa, daha məqsədəuyğun olar.
TRT Arabia Televiziyasına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, Ermənistan bugün çıxılmaz bir durumdadır və artıq öz məğlubiyyəti ilə barışıb: “Danışıqlara başlamaq üçün Azərbaycan tərəfinin şərtləri dəyişilməz olaraq qalır. Ermənistan hökuməti rəsmi surətdə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır və öz qoşunlarını Dağlıq Qarabağ və ətraf ərazilərdən çıxarmalıdır. Yalnız bundan sonra sülh danışıqları mümkün ola bilər. Əks halda müharibə davam edəcək və Azərbaycan tam qətiyyətli şəkildə öz torpaqlarını işğaldan azad etməkdə qərarlıdır. Bu, Azərbaycanın suveren hüququdur və Azərbaycan sonadək mübarizə aparacaq ki, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin təhlükəsizliyini təmin etsin.”