Əfsuslar olsun ki, hər iki ölkənin xarici işlər nazirlərinin Cenevrədə baş tutan görüşü zamanı əldə olunan razılaşmaya baxmayaraq, Ermənistan silahlı birləşmələri Azərbaycan tərəfində yerləşən mülki vətəndaşları və mülki obyektləri atəşə tutmaqda davam edir. Dünən və bugün Ermənistan ordusu Azərbaycanın Tərtər və Ağcabədi rayonlarını raket atəşinə tutub. Bu rayonlar cəbhə xəttindən aralıda yerləşir və orada heç bir hərbi obyektlər yerləşmir.
ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Cenevrədə keçirilən görüşdən sonra erməni silahlı birləşmələri Azərbaycanın Tərtər, Ağdam, Goranboy və Ağcabədi rayonlarını ağır artilleriya və digər növ silahlardan atəşə tutub.
Bu raket atəşləri nəticəsində azərbaycanlı mülki vətəndaşlar həlak olub və çoxlu sayda yaralananlar var. Ermənistan tərəfi hər dəfə eyni addımı atır. Hər dəfə atəşkəs razılaşmasından sona biz eyni səhnəni müşahidə edirik. Mülki vətəndaşlar hədəfə alınır, mülki obyeklərə atəş açılır və mülki vətəndaşlar öldürülür.
Xarici işlər nazirlərinin Cenevrədəki son görüşündə bir məsələ barədə xüsusi razılığa gəlinmişdi. Tərəflər razılaşdılar ki, heç bir halda mülki vətəndaşlar və mülki obyektlər hədəf olmamalıdır. Lakin Ermənistan bu dəfə də razılaşmaya əməl etmədi.
İngilis dilli ANews kanalına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bildirib ki, II Dünya Müharibəsindən sonra Tərtər şəhəri Avropada ən çox bombalanan və raket atəşinə məruz qalan şəhərdir. Sentyabrın 27-dən bugünə qədər Tərtər rayonuna 15 000-dən çox atəş açılıb: “Belə olan halda Azərbaycan hansı addımı atmalıdır? Təbii ki, Azərbaycan tərəfi də özünü müdafiə və öz vətəndaşlarını qorumaq hüququndan istifadə etməlidir. Və bugün Azərbaycan Ordusu bu vəzifəni icra etməkdədir. Biz bugün erməni ordusunun atəş nöqtələrinə qarşı cavab əməliyyatları həyata keçiririk. Bu, bizim beynəlxalq qanunlarla təsdiq olunmuş hüququmuzdur.
Bununla yanaşı, Azərbaycan Ordusu işğal altında olan Azərbaycan torpaqlarını azad etməkdə davam edir. Mən bir daha qeyd edirəm ki, bu ərazilər beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarıdır. Və bugün Azərbaycanın öz ərazilərini müdafiə etmək haqqı mövcuddur.”
Bugün Ermənistan öz öhdəliklərinə və beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirir. Ermənistanın törətdiyi cinayətlər müharibə cinayətləri və bəşəriyyətə qarşı törədilən cinayətlər olaraq təsnifatlanmalıdır. Çünki, Sentyabrın 27-dən bugünə qədər Ermənistanın aqressiya siyasəti beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquqa və Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərə, habelə Cenevrə Konvensiyasına və onun Əlavə Protokollarına tam ziddir, – Əhməd Şahidov qeyd edib.