Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.
Oktyabrın 19-da günorta saatlarında düşmən Tərtərdə yerləşən pambıq zavodunu atəşə tutub. Nəticədə fabrikdə böyük yanğın meydana gəlib.
İkinci dəfə əldə edilən atəşkəs razılaşmasını pozan Ermənistan tərəfi bölgədə sülhə nail olmaqda maraqlı olmadığını bir daha göstərmiş oldu.
Türkiyənin Ulusal Kanal Televiziyasına müsahibə verən Azərbaycan Demorkatiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov tərəflər arasında sülh danışıqlarının başlaması üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə qəbul olunması və erməni silahlı birləşmələrinin işğal altında olan Azərbaycan torpaqlarından çıxarılmasının vacibliyini bildirib.
Sülh danışıqlarında Türkiyənin iştirakını vacib sayan Əhməd Şahidov bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin qəti mövqeyinin də olduğunu bildirib: “Danışıqlarda Türkiyə də iştirak etməlidir. Bu, Azərbaycanın irəli sürdüyü şərtlərdən biridir. Ölkə başçısı İlham Əliyev bununla bağlı Azərbaycanın rəsmi mövqeyini ifadə edib. Bu, bizim üçün çox önəmli bir məsələdir.”