Azərbaycan humanizm prinsiplərinə əsaslanan xoşməramlı niyyətini nümayiş etdirərək, 18 oktyabrdan etibarən humanitar atəşkəsə razı oldu.
Ermənistan silahlı qüvvələri isə elan edilmiş atəşkəsdən dərhal sonra – gecə yarısından başlayaraq Araz çayı boyu yerləşən Cəbrayıl şəhərini və Cəbrayılın kəndlərini minaatanlardan və toplardan istifadə edərək atəşə tutdu. Atəşkəsi pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın Gədəbəy və Tovuz bölgələri istiqamətindəki dövlət sərhədində yerləşən Azərbaycanın mövqelərini iri çaplı silahlardan atəşə tutdu.
Türkiyənin Ulusal Kanal Televiziyasına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, ikinci humanitar atəşkəs razılaşmasından sonra Ermənistan silahlı qüvvələri tərəfindən dinc sakinlərin və şəhərlərin atəşə tutulması barbarlığın daha bir bariz nümunəsidir və Ermənistan rəhbərliyinin atəşkəs çağırışları ikiüzlülükdən başqa bir şey deyil.
Çünki Ermənistan ordusu atəşkəsi pozur, təmas xəttindəki kəndləri atəşə tutur və dinc sakinləri öldürür. Hüquq müdafiəçisi Ermənistanın işğal etdiyi bütün torpaqlardan çıxmalı olduğunu və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının zəruliyini bildirib. Və yalnız bundan sonra tərəflər arasında hər hansı sülh danışıqlarının mümkünlüyünü vurğulayıb.