Humanitar yardım adı altında Ermənistana hərbi texnikalar və silah-sursat daşınır – Əhməd Şahidov TRT Arabia kanalına danışıb

Moskvada əldə olunmuş atəşkəs razılığına əməl etməyən Ermənistan ordusu cəbhə bölgəsində yerləşən kəndlərə və mülki vətəndaşlara atəş açmaqda davam edir. Hər gün Azərbaycan tərəfində mülki vətəndaşlar öldürülür və yaralanır.

TRT Arabia kanalına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, son həftələr ərzində itirdiyi əraziləri yenidən geri almaq üçün ardıcıl hücumlar təşkil edən Ermənistan silahlı birləşmələri ən müxtəlif təxribatlara əl atır. Hüquq müdafiəçisi deyib ki, erməni tərəfinin əsas məqsədi Azərbaycan əhalisi arasında qorxu, təşviş və vahimə yaratmaqdır.

Digər tərəfdən də, atəşkəs dövründə humanitar yardımlar adı ilə müxtəlif ölkələrdən hərbi texnikalar və silahlar alan Ermənistan hakimiyyəti cəbhədə yeni təxribatlar hazırlayır. Əhməd Şahidov dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların bu məsələyə təcili reaksiya vermələrini vacib hesab edib və Ermənistanın Cenevrə Konvensiyasının tələblərini kobud surətdə pozduğunu bildirib.

Bu yazını Facebookda şərh et