Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycan ictimaiyyətinə video müraciət ünvanlayıb. Hüquq müdafiəçisi müraciətində erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı danışıb və 2100 gündür davamlı işgəncələr altında olan həmyerlilərimizin azadlığa çıxması üçün bütün səyləri artırmağa və dünyanı cənginə alan koronavirus pandemiyası təhlükəsinin girovlarımıza da təsir edə biləcəyini bildirib: “Dilqəm Əsgərov və Şahbaz Quliyev 2100 gündür ki, erməni girovluğundadırlar. Altı ildir ki, davamlı işgəncələrə məruz qalan girovlarımızın səhhətində ciddi problemlər var və artıq qocalıblar. Dünyanı bürüyən koronavirus pandemiyası onlara da toxuna bilər. Nəzərə alsaq ki, bugün Ermənistan ordusunda koronavirus geniş yayılıb və girovlarımız lazımi həkim müayinəsindən keçirilmir, o zaman Dilqəm və Şahbazın həyatları risk altındadır deyə düşünmək olar. Odur ki, bütün imkanları səfərbər etməli, beynəlxalq təşkilatları bu barədə xəbərdar etməli və Ermənistan hakimiyyətinə beynəxalq təzyiqləri daha da artırmalıyıq.”
Qeyd edək ki, 2014-cü ilin iyul ayında iki azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.