Kimdir müqəssir?! – Əhməd Şahidov 14 yaşlı Elinanın intiharı barədə yazdı…

Son günlər ardıcıl səfərlərdə olduğumdan intihar edən Elina balamız barədə şəxsi düşüncələrimi bölüşməyə imkanım olmadı. Bununla bağlı mənə yazan insanlara bildirmək istəyirəm ki, 14 yaşlı qızcığazın özünü öldürməsindən dəhşətli heç nə ola bilməz həyatda.

Cəmiyyət olaraq, dərhal günahkar ovuna çıxmağı da düzgün hesab etmirəm. Təbii ki, bu intihara səbəb olan şəxsləri aşkara çıxarmaq – onların fəaliyyət və ya fəaliyyətsizliyinə hüquqi qiymət vermək lazımdır! Həm də mütləqdir!

Amma bu intihar əslində cəmiyyətimizdəki dərin sosial-mənəvi boşluqların olduğunu bir daha ortaya çıxarmış oldu. Qısaca yazacam…

1) Ailədə uşaqlarımızı sevgidən, diqqətdən kənarda saxlamamalıyıq…

2) Valideyn-məktəb münasibətlərini, habelə valideyn-valideyn münasibətlərini daha sıx şəkildə qurmalıyıq…

3) Kimsənin şəxsi və özəl həyatına burnumuzu soxmamalıyıq – hər kəs öz həyatını yaşayır. Kimin valideynləri ayrılıb, kim neçənci dəfə ailə qurub və bu kimi məsələlər fərdlərin özünə aiddir və biz bu məsələləri qətiyyən müzakirə predmetinə çevirməməliyik…

4) Məktəblərdə direktordan tutmuş, müəllim və psixoloquna qədər fiziki, mənəvi və psixoloji durumu yerində olan milli ruhlu insanlar çalışmalıdır. Bu vəzifələrə təsadüfi adamları təyin etmək yolverilməzdir.

5) Cəmiyyət olaraq, ictimai rəyi möhkəmləndirməliyik, amma əsla və əsla dəqiqləşdirilməmiş dezinformasiyaların arxasıyca küyə getməməliyik.

6) Mətbuat olaraq, hansısa şəxsdən xoşumuz gəlmirsə, yaranmış vəziyyəti fürsət bilib insanlara şər-böhtan atmamalıyıq, medianın tərəfsizliyini qoruyub saxlamalıyıq.

Bu məqamı təsadüfən yazmadım. Çünki, mərhum Elina ilə bağlı məsələdə diqqətimi çəkən bir məqam da məktəbin yerləşdiyi Səbail rayon icra hakimiyyətinin başçısı Xalidə Bayramovanın adının hallanması oldu.

Mən Xalidə xanımı şəxsən tanıyıram və yaranmış vəziyyətlə bağlı inandığım həqiqətləri bölüşməyi özümə borc bilirəm:

a) Xalidə Bayramovanın vəzifə borcu idi ki, hadisə baş verən məktəbə gəlsin və gəldi. Çünki, o, təkcə icra hakimiyyəti başçısının müavini deyil, eyni zamanda azyaşlılar və yeniyetmələrlə bağlı sosial layihələr həyata keçirən ictimai fiqurdur və nəticədə bir anadır.

b) Azərbaycanda səhiyyə sistemi o qədər bərbad vəziyyətdədir ki, rəhbər bir şəxsin zəngi, lori dildə desək sərt şəkildə təpinməsi olmasa, Hippokrat andı içib Allaha andı unutmuş həkimlərimiz əməli fəaliyyət göstərəsi deyillər. Bunu hamımız şəxsi təcrübəmizdə görmüşük və yaşamışıq. Məhz Xalidə Bayramovanın gəlib real vəziyyəti gördükdən sonra Səhiyyə Nazirliyinə zəng etməsi, həkimləri çağırması və onların başı üstündə dayanaraq, balaca Elinaya yardım etmələrini təmin etməsi faktdır və istintaq da bunu bilir. 3-5 dəqiqəlik videoda bu prosesi tam görməyə bilərik…

c) Amma problemin kökü bu deyil. Problemin kökü yuxarıda sadaladığım məqamlardır, balaca Elinanı intihara qədər sürükləyən neqativ hallardır ki, bunu aradan qaldırmaq lazımdır.

Hər həftə, hər gün onlarla Elina intihar barədə düşünür, intihara cəhd edir – alınır ya alınmır, bu, ayrı məsələdir. Amma onlarla yeniyetmə balalarımız bu fikrə düşürlər. Bunun günahı yuxarıda sadaladığım məqamlardır, hər hansı fərd deyil.

Son əvəzi…

Bugün Azərbaycanda ən geniş yayılmış ənənə mətbuatdan və sosial şəbəkələrdən istifadə edərək, dərin köklü problemləri bir fərdin üstünə atmaqla, həmin problemi unutdurmaqdır.

Bina yanır, bir nəfəri həbs edirlər, məsələ qapanır.

Ticarət mərkəzi yanır, bir nəfəri ittiham edirlər, məsələ bağlanır.

Elina intihar edib… indi bir nəfəri ittiham etməliyiksə, o bir nəfər elə Azərbaycan cəmiyyətidir. Elinanın intihara qədər gəldiyi yolda dayanan və sadəcə tamaşa edən bizlərik…

Odur ki, qısa bir zamanda həyata baxışımızı dəyişməliyik, bir-birimizə münasibətimizi dəyişməliyik… Bir-birimizi sevməliyik, söyməli yox!

Sevgilərlə,
Əhməd Şahidov

14 Aprel 2019-cu il, Doha, Qətər