Ermənistanda qarşıdan gələn parlament seçkiləri fonunda Rusiya ilə münasibətlər və ölkənin geosiyasi seçimi yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Baş nazir Nikol Paşinyanın Rusiyanı Ermənistanda “casus şəbəkəsi” yaratmaqda ittiham etməsi, Moskvanın isə İrəvanın Avropa İttifaqına yaxınlaşmasına açıq narahatlıq bildirməsi regionda siyasi gərginliyi artırıb. Mövzu ilə bağlı hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 Televiziyasının efirində çıxış edib.
Əhməd Şahidov bildirib ki, Rusiyanın son açıqlamaları Ermənistana açıq siyasi mesaj xarakteri daşıyır: “Moskva açıq şəkildə göstərir ki, Ermənistanın həm Avrasiya İqtisadi Birliyinin üstünlüklərindən yararlanıb, həm də paralel şəkildə Avropa İttifaqına inteqrasiya kursu götürməsi qəbul edilmir. Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçukun son açıqlamalarında diplomatik üslub qorunsa da, mahiyyət etibarilə İrəvana xəbərdarlıq edilir ki, geosiyasi seçim vaxtı yaxınlaşır. Rusiya Ermənistanı öz təsir dairəsində saxlamaq istəyir və qarşıdan gələn seçkilərə də bu prizmadan yanaşır”.
Hüquq müdafiəçisi Əhməd Şahidov qeyd edib ki, Nikol Paşinyanın “FTB agenti” və “xarici müdaxilə” ilə bağlı bəyanatları daxili siyasi mübarizənin artıq daha sərt mərhələyə keçdiyini göstərir: “Paşinyan seçkiləri təkcə hakimiyyət uğrunda mübarizə kimi deyil, Ermənistanın gələcək geosiyasi kursunun müəyyənləşməsi kimi təqdim edir. Digər tərəfdən, Rusiyaya yaxın siyasi və iqtisadi dairələr də aktivləşdirilir. Ermənistan daxilində ciddi parçalanma müşahidə olunur və bu proses seçkiyə qədər daha da dərinləşə bilər”.




