Bakıda keçirilən WUF13 – Dünya Şəhərsalma Forumu beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. BMT-nin İnsan Məskənləri Proqramı – UN-Habitat tərəfindən təşkil olunan tədbir çərçivəsində şəhərsalma, dayanıqlı inkişaf, iqlim dəyişiklikləri və müasir urbanizasiya məsələləri geniş müzakirə olunur. Hüquq müdafiəçisi Əhməd Şahidov REAL Televiziyasının efirində forumun Azərbaycan üçün əhəmiyyətindən danışıb.
Əhməd Şahidov bildirib ki, WUF13-ün Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunun və diplomatik imkanlarının göstəricisidir: “Bu gün Bakı artıq yalnız regionun deyil, bütövlükdə Avrasiya məkanının mühüm dialoq mərkəzlərindən birinə çevrilib. Azərbaycanın COP29, Qoşulmama Hərəkatı və digər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi dünya birliyinin ölkəmizə olan etimadını göstərir. WUF13 də həmin etimadın davamıdır.”
Hüquq müdafiəçisi Əhməd Şahidov Prezident İlham Əliyevin forum çərçivəsində verdiyi mesajların xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Prezident İlham Əliyev çıxışında Azərbaycanın multikulturalizm, dialoq və dayanıqlı inkişaf siyasətini ön plana çıxardı. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri dünyanın diqqətini cəlb edir. Azərbaycan postmünaqişə dövründə müasir və yaşıl urbanizasiya modeli təqdim edir.”
Əhməd Şahidovun sözlərinə görə, forum Azərbaycanın yumşaq güc imkanlarını artırmaqla yanaşı, ölkənin şəhərsalma və infrastruktur sahəsində qazandığı uğurların beynəlxalq platformada təqdimatı baxımından da mühüm rol oynayır.






