Həmrəy olaq – dünənimizə, bugünümüzə və sabahımıza sahib çıxaq!

shahidov2013-cü ilin son günü oturub bu ilin son cızma-qarasını yazmaq istədim. Təbii ki, ağlıma ilk gələn də bugünümüzlə bağlı oldu. Həm təqvim günü ilə bağlı günümüz, həm də bir millət olaraq bulunduğumuz bugün.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi tarixə düşüb. Gün kimi aydındır ki, bu günün tarixi Ulu Öndər Heydər Əliyevlə bağlıdır. Dünyanın dörd bir yanında yaşayan Azərbaycan türklərini bir araya toplayıb, onları Vətənində görüşdürmək, daha sonra onlar arasında koordinasiyanı təmin edərək, güclü bir diasporumuzun əsasını qoymaq böyük bir iş sayılmalıdır.
1918-ci ilin 28 May tarixində qurulan Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin başlatdığı o böyük işi məhz Ulu Öndər Heydər Əliyev daha güclü, daha davamlı və müasir şəkildə davam etdirdi və bu siyasət bugün də davam etməkdədir.
Bugün Azərbaycan Respublikası dünyanın inkişaf etməkdə olan ölkələrindən biridir. Təkcə Cənubi Qafqazda deyil, bütün dünyada öz siyasəti, iqtisadiyyatı və mədəniyyəti ilə öndə olan Vətənimizin üzləşdiyi problemlər də var.
Bu problemlərin bəziləri dünya ictimaiyyətinin ikili standartlarla yaşamasından qaynaqlanırsa da, bəzi qayğılarımız özümüzün laqeydliyinin, bəzən də bivecliyimizin təzahürüdür. Bəs biz bugün nə dərəcədə həmrəy ola bilmişik, görəsən?!
Həmrəylik anlayışı təkcə bugün kiməsə kömək etmək, onun dərdinə, sərinə şərik olaq anlamına gəlmir. Düzdür, bu da həmrəylik məfhumunun bir parçası sayıla bilər, amma tam anlamda hələ bu demək deyil.
Millət ilk öncə öz keçmişinə sahib çıxmalı və ona həmrəy olmalıdır. Yəni, insanlar öz tarixində yaşananlar barədə eyni düşünməli, həqiqətləri dərk etməli və yaşananların bir daha təkrarlanmaması üçün mübariz olmalıdırlar. Çox təəssüf ki, biz bir toplum olaraq, keçmişimizə sahib çıxa bilməmişik. Ən azından tarix boyu yaşananların zaman-zaman təkrarlandığını, torpaqlarımızın zaman-zaman düşmənlər tərəfindən işğal olunduğunu və hər şeyi unutqanlığımıza təslim edib yeni uğursuzluqlara rəvac verdiyimizi görmüşük. 1813 və 1828-ci illərdən dərs çıxarmayan bizlər hələ də ruslara və farslara qardaş deyiriksə, keçmişimizlə bağlı həmrəylikdən söhbət gedə bilməz. Ən azından həmin illərdən sonra Vətənimizin daha neçə yerə bölündüyünü görmək üçün sadəcə bir avtomobilə minib Bakıda Qazaxa qədər getməyimiz yetərlidir. Budurmu bizim Vətənimiz?! Cəmi 5-6 saatlıq avtomobil yolu qədərmi Azərbaycanımızın eni-uzunu?! Bu qədərinimi saxlaya bilmişik əlimizdə?! Bəs hanı Dədə Qorqudun söylədiyi o ellər, o obalar?! Demək, itirmişik hamısını…
Bugün də həmrəy olmamız formal xarakter daşımaqdadır. İnsanlarımız həmrəylik kəlməsini hərə öz çevrəsinə görə başa düşür. Dindar kəsim bayramlarda qonşuluqdakı kimsəsizlərə zəkat verməklə, ateistlərimiz dost-tanışı bir yerə toplayıb yeyib-içməklə, siyasi kəsim isə hər bayram öncəsi bir bəyanat yaymaqla həmrəy olduqlarını göstərməyə çalışırlar.
Məncə, əsl həmrəylik dini baxışlarından, ictimai-siyasi mövqeyindən asılı olmayaraq, hamının bir amal uğrunda – Azərbaycan uğrunda birləşməsi deməkdir. Əgər bugün bir dindar şəxs ateist düşüncəyə malik vətəndaşı ilə eyni masada oturub sağlam şəkildə polemika apara bilmirsə, bir-birinə müxalif siyasi mövqedə dayanan qüvvələr milli məsələlərdə eyni mövqedən çıxış edə bilmirlərsə, varlı öz kasıb qonşusu ilə bir masada əyləşib tikə kəsmirsə, həmrəylik günündən danışmaq da əbəsdir.
Nə yaxşı ki, Allah bizə Heydər Əliyev kimi bir tarixi şəxsiyyəti yetirdi. Və nə yaxşı ki, Heydər Əliyev bu toplumu bir araya toplayıb, onların bir xalq olduqlarını göstərdi. Heç olmasa, ilin bircə günü həmin bizlər, sizlər həmrəy olduğumuzu ən azından dildə ifadə edirik.
Dildə ona görə deyirəm ki, bugün bu günü ürəkdən bayram edə bilmirik. Çünki, ürəyimiz bayram öncəsi bir faciə ilə sarsılıb. Yenə də bir məmurun anti-həmrəy hərəkəti və Qarabağ qazisinə münasibətdə laqeyd olması təkcə o qazini və onun ailəsini deyil, bütün xalqı, hətta ölkə başçısını da sarsıtmış oldu.
Məncə, düşünməyə dəyər. Keçmişimizə laqeyd yanaşmamız kimi bugünümüzə də laqeyd qalacayıqsa, bir-birimizə münasibətdə həmrəy olmayacayıqsa, gələcəyimizin xoşbəxt və firavan olacağına ümid etməyə dəyməz. Çünki, bir millətin gələcəyi onun keçmişindən süzülüb gələn bugününün sonudur. Bir kinoda deyildiyi kimi “Sonunu düşünen kahraman olamaz” kəlməsi heç də bu yerdə özünü doğrultmur. Çünki, biz gələcəyimizi düşünməliyik, düşünməklə qalmayıb da, real hərəkətə keçməliyik.

Əhməd Şahidov
31 Dekabr 2013-cü il, Bakı, Azərbaycan