Bu gün, 30 Yanvar tarixində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Qış Sessiyası öz işini yekunlaşdırıb. Sessiya müddətində beynəlxalq təhlükəsizlik, regional münaqişələr, insan hüquqları, Ukraynadakı müharibə, Yaxın Şərqdəki vəziyyət və Assambleya daxilində gedən siyasi proseslər əsas müzakirə mövzuları olub.
Qış sessiyasının yekunları ilə bağlı hüquq müdafiəçisi Əhməd Şahidov video şərh yayımlayaraq sessiyanın ilk günündən son iclasınadək baş verənləri ümumi şəkildə təhlil edib. O bildirib ki, AŞPA çərçivəsində aparılan müzakirələrdə Azərbaycana münasibətdə tez-tez selektiv və qərəzli yanaşmalar müşahidə olunub, siyasi mövqelər bir çox hallarda obyektiv faktları kölgədə qoyub.
Əhməd Şahidov vurğulayıb ki, mövcud ikili standartlara baxmayaraq, Azərbaycanın AŞPA tribunasından kənarda qalması vəziyyəti dəyişmir. Onun fikrincə, məhz buna görə Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıdaraq ölkənin mövqeyini birbaşa ifadə etməsi, əsassız ittihamlara yerində cavab verməsi və milli maraqları beynəlxalq müstəvidə daha effektiv şəkildə müdafiə etməsi zəruridir.

