Bu gün, 30 yanvar tarixində Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2026-cı il Qış Sessiyası öz işini yekunlaşdırıb. Sessiya çərçivəsində beynəlxalq təhlükəsizlik, regional münaqişələr, insan hüquqları, Ukraynadakı müharibə, Yaxın Şərqdəki vəziyyət, eləcə də Avropa məkanında siyasi və institusional çağırışlar müzakirə olunub.
Qış sessiyasının yekunları ilə bağlı REAL Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov Strasburqdan ümumi siyasi dəyərləndirmə aparıb. O bildirib ki, sessiya ərzində Azərbaycanla bağlı məsələlər dəfələrlə gündəmə gətirilib və müzakirələr zamanı ölkəmizə qarşı tənqidi, əksər hallarda isə birtərəfli və qərəzli yanaşmalar açıq şəkildə hiss olunub. Əhməd Şahidovun sözlərinə görə, bəzi çıxışlarda faktlardan daha çox siyasi mövqelər və selektiv yanaşmalar ön plana çəkilib.
Əhməd Şahidov qeyd edib ki, AŞPA-da Azərbaycana münasibətdə müşahidə olunan ikili standartlar Bakı ilə Assambleya arasında münasibətlərin normallaşmasına mane olan əsas amillərdən biridir. Bununla yanaşı, o vurğulayıb ki, Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olaraq bu platformadan kənarda qalmamalıdır. Hüquq müdafiəçisinin fikrincə, Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qaytarılması ölkənin mövqeyinin birbaşa tribunadan ifadə olunması, əsassız ittihamlara yerində cavab verilməsi və milli maraqların daha effektiv müdafiəsi baxımından zəruri addımdır.




