ABŞ`ın Hörmüz planı və İran adaları: Vaşinqton quru əməliyyatına hazırlaşır – Əhməd Şahidov Real Televiziyasında şərh edib

Son günlər İran ətrafında hərbi-siyasi gərginlik daha da artıb və əsas diqqət Hörmüz boğazının təhlükəsizliyi, eləcə də İranın nəzarətində olan strateji adalar üzərində cəmlənib. Əbu Musa, Böyük Tunb, Kiçik Tunb və Xarq adaları bölgədə mühüm hərbi-strateji mövqeyə malikdir və bu adalara nəzarət Hörmüz boğazına faktiki nəzarət deməkdir. ABŞ`ın bu istiqamətdə mümkün quru əməliyyatlarına hazırlaşması və boğazın açılması məsələsi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.

Siyasi şərhçi Əhməd Şahidov Real Televiziyasında yayımlanan “Orta gün” proqramında bildirib ki, artıq müharibənin ilk günlərindən fərqli olaraq, bu gün ABŞ`ın məqsədi və hədəfləri dəyişib: “Əvvəllər İranda hakimiyyət dəyişikliyi və ölkənin parçalanması əsas hədəf kimi göstərilirdisə, hazırda əsas strateji məqsəd Hörmüz boğazının açılmasıdır. Çünki bu boğazın İranın nəzarətində qalması təkcə regionda deyil, qlobal miqyasda Tehranın təsir imkanlarını artırır. Xüsusilə də Hörmüzdən keçən gəmilərdən hər biri üçün 2 milyon ABŞ dolları həcmində rüsum tələb olunması dünya enerji bazarında ciddi risklər yaradır. ABŞ bu cür hegemonluğun formalaşmasını qətiyyən qəbul edə bilməz”.

Əhməd Şahidov əlavə edib ki, bu səbəbdən Vaşinqton istər diplomatik, istərsə də hərbi vasitələrlə İranın bu üstünlüyünü aradan qaldırmağa çalışır: “Əgər danışıqlar nəticə verməzsə, ABŞ`ın quru əməliyyatlarına başlayaraq strateji adaları nəzarətə götürməsi əsas hədəf kimi görünür. Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları Hörmüz boğazına nəzarət baxımından kritik əhəmiyyət daşıyır. Bu adalara nəzarət edən qüvvə, faktiki olaraq, boğaza nəzarəti təmin edir və bu da dünya enerji bazarında söz sahibi olmaq deməkdir. Donald Trump aprelin 6`na qədər vaxt verib və bu müddət ərzində razılaşma əldə olunmazsa, quru əməliyyatları qaçılmaz ola bilər. Lakin bu proses ABŞ üçün asan olmayacaq, çünki İsrail quru əməliyyatlarında iştirak etməyəcəyini açıqlayıb. Bu halda ABŞ təkbaşına, əsasən Delta Force və dəniz piyadaları vasitəsilə hərəkət etməli olacaq ki, bu da ölkə daxilində sosial narazılıqları artırır və artıq Prezident Donald Trump əleyhinə etiraz aksiyaları genişlənməkdədir”.