“Qərbi Trakyada türklər sistemli ayrı-seçkiliyə məruz qalır” — Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Yunanıstanı tənqid edib


İyunun 3-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ATƏT-in Finlandiya Sədrliyi tərəfindən “Tolerantlıq və diskriminasiya” mövzusunda iki günlük toplantı öz işini davam etdirib.

57 ölkənin səfirləri, diplomatları və rəsmi nümayəndələrinin qatıldığı tədbirdə ATƏT məkanında vətəndaş cəmiyyətinin müdafiəsi, insan hüquqları müdafiəçilərinin fəaliyyəti, dinc toplaşma azadlığının təmin edilməsi və bu sahədə mövcud çağırışlar müzakirə olunub.

Toplantıda iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov “Hazırlıq: Tolerantlıq, ayrı-seçkiliyin aradan qaldırılması və bərabərliyin təşviqi üçün daha inklüziv siyasət yanaşmalarına doğru” mövzusunda keçirilən panel müzakirəsində çıxış edib.

O, çıxışında ATƏT məkanında milli azlıqların üzləşdiyi insan hüquqları pozuntuları və ayrı-seçkilik hallarına diqqət çəkib. Xüsusilə də Qərbi Trakiyada yaşayan türk azlığının vəziyyəti ön plana çəkilib. Əhməd Şahidov bildirib ki, Yunanıstan hökuməti türk azlığının etnik kimliyini rəsmən tanımır, onların təhsil və dini azadlıqlarını məhdudlaşdırır, dini liderlərini və vakf idarə heyətlərini seçmək hüququnu əlindən alır.

Eyni zamanda vurğulanıb ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) bu azlıqla bağlı çıxardığı qərarlar 17 ildir Yunanıstan tərəfindən icra olunmur ki, bu da beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır.

Əhməd Şahidov çıxışında digər milli azlıqların, o cümlədən Roma icmasının və Krım tatarlarının hüquq və azadlıqlarının pozulması hallarına da toxunub. O, dövlətləri azlıqların real təmsilçilərini qərar qəbuletmə proseslərinə cəlb etməyə çağırıb və bu istiqamətdə bir sıra tövsiyələr səsləndirib.

Çıxışının sonunda Azərbaycan nümayəndəsi erməni həmkarına da müraciət edərək, iki gündür tədbirdə nifrət və revanşist çağırışlar səsləndirməsini tənqid edib. O bildirib ki, müharibə artıq bitib və regionda sülhün imzalanması gündəmdədir. Revanşist fikirlərə burada yer yoxdur. Əgər kimsə yeni müharibə istəyirsə, Ermənistan ordusuna yazıla bilər.

Əhməd Şahidov əlavə edib ki, növbəti müharibə baş verərsə, Ermənistan öz suverenliyini tamamilə itirə bilər.

“Azərbaycan Ordusu sabah Yerevandakı Göy Məsciddə namaz qıla bilər”, — deyə Əhməd Şahidov çıxışının sonunda bildirib.