Əhməd Şahidov QHT və media mənsublarına çağırış etdi: beynəlxalq platformalarda Azərbaycan daha fəal təmsil olunmalıdır

Hüquq müdafiəçisi Əhməd Şahidov bu gün Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) binası qarşısından video müraciət yayımlayıb. Müraciətdə xarici ölkələrdə və beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqlarının müdafiəsi məsələsinə toxunan Əhməd Şahidov mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edib.

Əhməd Şahidov bildirib ki, 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan diasporası, vətəndaş cəmiyyəti nümayəndələri, QHT-lər və media mənsubları beynəlxalq platformalarda xeyli passivləşib. Onun sözlərinə görə, sanki torpaqların azad olunmasından sonra arxayınlıq yaranıb, halbuki Azərbaycan yeni siyasi və informasiya çağırışları ilə üz-üzədir, ölkəmizə qarşı müxtəlif istiqamətlərdən yeni “cəbhələr” açılır.

Hüquq müdafiəçisi vurğulayıb ki, Qərb dairələri, separatçı erməni qrupları və bir sıra antimilli mövqedə olan azərbaycanlı mühacirlər beynəlxalq müstəvidə Azərbaycanı hədəfə almaqda davam edirlər. O qeyd edib ki, AŞPA-nın beş gün davam edən Qış Sessiyası ərzində Strasburqda bir nəfər belə Azərbaycan vətəndaş cəmiyyəti fəalı və ya jurnalistinin olmaması ciddi suallar doğurur, halbuki qarşı tərəfin təxribatçı fəaliyyətləri açıq şəkildə müşahidə olunurdu.

Əhməd Şahidov dövlətə bağlılığın formal deyil, mənəvi məsuliyyət olduğunu xatırladıb və beynəlxalq platformalarda daha fəal olmağa çağırıb.