Varşavada ATƏT`in İnsan Haqları Konfransı davam edir – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb

Polşanın paytaxtı Varşavada keçirilən ATƏT-in illik İnsan Hüquqları Konfransının ikinci günü davam edir. Oktyabrın 6-da start götürən və 17-dək davam edəcək tədbirə dünyanın müxtəlif ölkələrindən yüzlərlə diplomat, hüquq müdafiəçisi, jurnalist və vətəndaş cəmiyyəti nümayəndəsi qatılıb. Konfransın məqsədi insan hüquqları, azadlıqlar, təhlükəsizlik və beynəlxalq ədalət prinsiplərinin möhkəmləndirilməsidir.

Bu ilki toplantıda Cənubi Qafqazda sülh prosesi, Ukraynada müharibə, Yaxın Şərqdə humanitar böhran və beynəlxalq hüququn pozulması kimi qlobal mövzular geniş müzakirə olunur.

ARB24 Televiziyasına Varşavadan canlı bağlanan hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, konfransda Azərbaycan nümayəndə heyəti fəal iştirak edir və bir sıra plenar sessiyalarda çıxışlar planlaşdırılıb: “Azərbaycan bu platformada sülh, ədalət və insan hüquqları prinsiplərinin müdafiəçisi kimi çıxış edir. Biz Cənubi Qafqazda sülhün bərqərar olması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və ABŞ vasitəsilə əldə olunan sülh razılaşmasının əhəmiyyəti barədə fikirlərimizi bölüşəcəyik.”

Əhməd Şahidov həmçinin qeyd edib ki, tədbir çərçivəsində Ukraynadakı müharibə, Yaxın Şərqdəki humanitar böhran və Hindistanın Cənubi Asiyada aqressiv siyasəti kimi mövzular da Azərbaycan nümayəndələrinin çıxışlarında əksini tapacaq: “Bu konfrans müxtəlif ölkələrdən gəlmiş insan hüquqları müdafiəçiləri üçün mühüm dialoq meydanıdır. Biz burda təkcə öz ölkəmizin yox, ümumbəşəri dəyərlərin müdafiəsi üçün danışırıq,” – deyə o əlavə edib.

ATƏT-in Varşava konfransı oktyabrın 17-dək davam edəcək və yekun bəyanatın qəbul olunacağı gözlənilir.