Misirin Şarm əş-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammiti bölgədə uzun illərdir davam edən gərginliyin azaldılması və Qəzza zolağında atəşkəs razılaşmasının imzalanması ilə nəticələnib. Bu qərar, Yaxın Şərqdə sabitliyin bərpası istiqamətində tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir.
Məhdud sayda dövlət başçılarının iştirak etdiyi sammitə Azərbaycan Prezidenti İlham Əliyev də dəvət olunub. O, tədbirə ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin birgə təşəbbüsü ilə qatılıb. Analitiklər hesab edir ki, bu, Azərbaycanın beynəlxalq aləmdə artmaqda olan nüfuzunun və qlobal proseslərdə fəal iştirakının göstəricisidir.
Livanın LBC International kanalına müsahibə verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün təkcə regional deyil, həm də qlobal sülhün təşəbbüskarı kimi tanınır. Onun sözlərinə görə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təkbaşına təmin edərək öz ərazi bütövlüyünü bərpa edib və bu təcrübə indi Yaxın Şərqdə sülh modelinə çevrilib.
Əhməd Şahidov vurğulayıb ki, Donald Trampın sammitdə Azərbaycanın Ermənistanla əldə etdiyi sülh razılaşmasına istinad etməsi təsadüfi deyil. Bu, Azərbaycanın sülh proseslərində etibarlı tərəfdaş və vasitəçi kimi qəbul olunduğunu göstərir. “Azərbaycan bu gün öz regionunda sabitliyin təminatçısı olduğu kimi, beynəlxalq miqyasda da sülh təşəbbüslərinin fəal iştirakçısına çevrilib,” – deyə o qeyd edib.
Siyasi şərhçi həmçinin diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin son iki həftə ərzində Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti, Qəbələdə Türk Dövlətləri Təşkilatının zirvəsi, Düşənbədə MDB Sammiti və nəhayət Şarm əş-Şeyxdə Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın beynəlxalq diplomatiyada aktiv və aparıcı rol oynadığını nümayiş etdirir.
Əhməd Şahidov bildirib ki, Azərbaycan İsrail ilə münasibətlərini qoruyaraq eyni zamanda Fələstinin müstəqilliyini və iki dövlətli həll prinsipini dəstəkləyir. Onun sözlərinə görə, bu balanslı mövqe rəsmi Bakının həm Qərb, həm də müsəlman dünyası arasında etibarlı körpü rolunu möhkəmləndirir. “Azərbaycanın bu siyasəti Yaxın Şərqdə sülhün və humanitar sabitliyin bərqərar olmasına real töhfə verir,” – deyə Şahidov əlavə edib.
Sonda siyasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvəti və oradakı çıxışları Azərbaycanın qlobal diplomatiyada nüfuzunun, müstəqil qərarvermə gücünün və sülhə yönəlik beynəlxalq etimadın bariz göstəricisidir. “Bu gün Azərbaycan coğrafi baxımdan kiçik olsa da, qərarları ilə böyük dövlətlər arasında yer alır,” – deyə Əhməd Şahidov vurğulayıb.




