ABŞ və İran arasında hərbi qarşıdurma artıq bir aydır davam edir və tərəflər arasında danışıqların nəticəsiz qalması müharibənin miqyasını daha da genişləndirir. ABŞ və İsrail qüvvələri İran ərazisinə zərbələr endirməyə davam etdiyi halda, İran da körfəz bölgəsindəki ABŞ hərbi bazalarına və İsrailə qarşı ballistik raket hücumları həyata keçirir. Hörmüz boğazının bağlı qalması isə dünya enerji bazarında ciddi gərginlik yaradıb və yüzlərlə beynəlxalq yük gəmisi bölgədə gözləmək məcburiyyətində qalıb.
ARB24 Televiziyasına müsahibə verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, müharibə uzandıqca coğrafiyası genişlənir və daha çox ölkəni prosesə cəlb edir: “Görünən odur ki, İran ciddi zərbələr alsa da, hələ də müqavimət potensialını qoruyub saxlayır və hətta müəyyən istiqamətlərdə güclənir. Çindən gələn dəstək və İranın 4 min kilometr mənzilli ballistik raket imkanları region üçün əlavə risklər yaradır. Əgər bu gün hər hansı atəşkəs və ya razılaşma əldə olunsa belə, İran bunu öz qələbəsi kimi təqdim edəcək və həm körfəz ölkələri, həm də Cənubi Qafqaz dövlətlərinə qarşı daha sərt xarici siyasət yürüdəcək.”
Əhməd Şahidov əlavə edib ki, müharibədə qeyri-müəyyənlik davam edir və ABŞ-ın quru əməliyyatlarına başlaması real görünmür: “90 milyonluq İran kimi böyük bir ölkəyə qarşı quru əməliyyatları ABŞ üçün ciddi risklər və itkilər deməkdir. Bu isə Amerika cəmiyyətində narazılıq yarada bilər. İsrail isə mövcud şərtlərdə İranla razılaşmaya getmək istəmir və tam hərbi qələbəyə çalışır. Bütün bunlar göstərir ki, müharibə yaxın zamanda bitməyəcək və əksinə, region ölkələrinin də cəlb olunması ilə daha genişmiqyaslı qarşıdurmaya çevrilə bilər.”





