Yanvarın 28-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2026-cı il Qış Sessiyası üçüncü gününü yaşayır. Sessiya çərçivəsində beynəlxalq təhlükəsizlik, regional münaqişələr, insan hüquqları, Ukraynada müharibə, Yaxın Şərqdəki vəziyyət və Avropa demokratiyalarına yönələn çağırışlar müzakirə olunur. Təcili debatlar, yüksək səviyyəli çıxışlar və siyasi bəyanatlar fonunda Assambleyada ümumi atmosfer gərgin olaraq qalır.
Bu barədə Strasburqda olan hüquq müdafiəçisi Əhməd Şahidov AŞPA-dan yayımladığı video şərhdə danışıb. O bildirib ki, sessiyanın gedişində Azərbaycanla bağlı mövzular da yenidən gündəmə gətirilir və Assambleyada ölkəmizə qarşı tənqidi, əksər hallarda isə birtərəfli və qərəzli yanaşmalar müşahidə olunur. Əhməd Şahidovun sözlərinə görə, AŞPA tribunası illərdir ki, xüsusilə Qarabağ münaqişəsi dövründə Azərbaycanla bağlı reallıqları nəzərə almayan, siyasi simpatiyalara əsaslanan çıxışlar üçün istifadə edilib və bu tendensiya cari sessiyada da davam edir.
Hüquq müdafiəçisi qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin uzun müddətdir AŞPA sessiyalarında iştirak etməməsi Bakı ilə Assambleya arasında münasibətlərin soyuq qalmasının əsas göstəricisidir. Onun fikrincə, buna baxmayaraq, Azərbaycan Avropa Şurasının və AŞPA-nın tam hüquqlu üzvü olaraq qalır və ölkəmizin bu platformadan tam kənarda qalması uzunmüddətli perspektivdə milli maraqlara uyğun deyil. Əhməd Şahidov vurğulayıb ki, AŞPA-nın qərəzli yanaşmalarına baxmayaraq, Azərbaycanın bu quruma qayıdaraq mövqeyini birbaşa tribunadan ifadə etməsi və əsassız ittihamlara yerində cavab verməsi daha effektiv və rasional yanaşma ola bilər.

