Əhməd Şahidov Al Jazeera kanalında debatda çıxış edib: Tramp-Erdoğan görüşünün Azərbaycan üçün əhəmiyyətini şərh edib

Al Jazeera English kanalının “Inside Story” proqramında ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqton görüşündən sonra iki ölkə münasibətlərinin gələcəyi müzakirə edilib. Verilişə Vaşinqtondan siyasi şərhçi Alan Makovsky, Bakıdan siyasi şərhçi Əhməd Şahidov, Ankaradan beynəlxalq münasibətlər üzrə mütəxəssis Barin Kayaoglu qatılıb.

Proqramda çıxış edən Əhməd Şahidov bildirib ki, Vaşinqton–Ankara münasibətləri Cənubi Qafqaz üçün sadəcə diplomatik məsələ deyil, birbaşa təhlükəsizlik və sabitlik faktorudur. “Əgər ABŞ və Türkiyə ortaq mövqedən çıxış edirsə, bu, regiondakı gərginliyi azaldır və sabitliyə zəmin yaradır. Əks halda, yaranan boşluq Rusiyanın və ya İranın təsirini gücləndirir,” – deyə o vurğulayıb.

Azərbaycanın həm Türkiyə, həm də ABŞ-la əməkdaşlığına toxunan Əhməd Şahidov qeyd edib ki, bu münasibətlər Bakıya unikal imkanlar qazandırır: “Türkiyə ilə müttəfiqliyimiz sarsılmazdır, amma eyni zamanda ABŞ-la da enerji, təhlükəsizlik və diplomatiya sahələrində əməkdaşlığımız var. Tramp–Ərdoğan görüşü münasibətləri yaxınlaşdırarsa, Azərbaycan hər iki tərəf üçün etibarlı tərəfdaş və körpü rolunu gücləndirə bilər.”

Əhməd Şahidov həmçinin enerji və strateji nəqliyyat xətlərinin gələcəyinə diqqət çəkərək bildirib ki, xüsusən Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi layihələrin uğuru ABŞ–Türkiyə münasibətlərindən asılıdır: “Bu əlaqələr müsbət istiqamətdə inkişaf edərsə, Avropanın enerji təhlükəsizliyi güclənəcək, Cənubi Qafqaz isə yeni strateji qovşaq kimi önə çıxacaq.”