ATƏT-in Varşava toplantısı start götürüb – Əhməd Şahidov regional sülh proseslərinə toxunur

Bu gün – 6 oktyabr 2025-ci il tarixində Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in (OSCE) illik İnsan Ölçüsü Tətbiq Toplantısı (HDIM) öz işinə başlayıb.

6–17 oktyabr tarixlərini əhatə edən tədbirdə dünyanın müxtəlif ölkələrindən yüzlərlə diplomat, hüquq müdafiəçisi, vətəndaş cəmiyyəti təmsilçisi və jurnalist iştirak edir.

Toplantıda insan hüquqları, münaqişələrin həlli, söz azadlığı və beynəlxalq təhlükəsizlik kimi qlobal mövzular müzakirə olunur.

Tədbirin açılış günü çərçivəsində azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidov tədbirin əhəmiyyətindən və öz iştirak gündəliyindən danışıb.

Əhməd Şahidov qeyd edib ki, ATƏT platforması dövlətlər və vətəndaş cəmiyyəti arasında dialoqun qurulması, eləcə də sülh təşəbbüslərinin müzakirəsi üçün mühüm məkandır. O bildirib ki, bu ilki sessiyada əsas diqqəti bir neçə regional mövzuya yönəldəcək – Azərbaycan və Ermənistan arasında ABŞ vasitəsilə əldə olunmuş sülh razılaşması, Ukraynada müharibə və Rusiyanın aqressiyası, Yaxın Şərqdəki humanitar böhran və atəşkəs cəhdləri, eləcə də Cənubi Asiyada Hindistanın aqressiv siyasəti və Hindus Su Razılaşmasından birtərəfli çıxışı.

Azərbaycanlı hüquq müdafiəçisi vurğulayıb ki, dünyanın müxtəlif regionlarında baş verən münaqişələr insan həyatını, beynəlxalq hüququ və qlobal sabitliyi təhdid edir. Əhməd Şahidovun sözlərinə görə, bu kimi toplantılar beynəlxalq ictimaiyyətin sülh, ədalət və insan hüquqları naminə birgə səylərini gücləndirmək baxımından xüsusi önəm daşıyır.

Əhməd Şahidov çıxışının sonunda qeyd edib ki, sülh təkcə ideya deyil, həm də məsuliyyətdir, və bu məsuliyyət hər bir ölkənin, hər bir insanın üzərinə düşür.