Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda sülh gündəliyindən danışdı, erməni revanşistlərin təxribatçı çıxışına sərt cavab verdi

Polşanın paytaxtı Varşavada keçirilən ATƏT-in illik İnsan Hüquqları Konfransı (HDIM 2025) davam edir. Oktyabrın 6-da start götürən və 17-nə qədər davam edəcək mötəbər tədbirə ATƏT-in 57 üzv ölkəsindən diplomatlar, hüquq müdafiəçiləri, jurnalistlər və beynəlxalq təşkilatların nümayəndələri qatılıb. Konfransda insan hüquqları, əsas azadlıqlar, təhlükəsizlik, beynəlxalq ədalət və sülh məsələləri geniş müzakirə olunur.

Bu ilki sessiyalarda Cənubi Qafqazda sülh prosesi, Ukraynada müharibə və beynəlxalq hüququn pozulması hallarına qarşı birgə mövqe kimi qlobal məsələlər əsas gündəmi təşkil edir.

Konfransın 7 oktyabr tarixində keçirilən birinci plenar sessiyasında Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov çıxış edib.

Əhməd Şahidov çıxışında Cənubi Qafqazda sülh prosesinin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. O, 8 avqustda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü region üçün dönüş nöqtəsi adlandırıb: “Bu görüş sadəcə simvolik deyil, tarixi dönüş idi. Prezident Tramp göstərdi ki, Amerika gücünü yalnız döyüş meydanında deyil, danışıqlar masasında da sülh və sabitlik naminə istifadə edə bilər.”

Azərbaycanlı hüquq müdafiəçisi həmçinin erməni nümayəndəsinin ondan əvvəl səsləndirdiyi qərəzli və revanşist fikirlərə sərt cavab verib: “Bu cür təxribat xarakterli bəyanatlar sülh prosesinə xidmət etmir. Bu gün Azərbaycan və Ermənistan arasında sülh danışıqları uğurla davam edir. Prosesi nifrət və dezinformasiya ilə zəhərləmək yolverilməzdir.”

Əhməd Şahidov çıxışında həmçinin Bakıdakı məhkəmədə mühakimə olunan erməni hərbçilərin məsuliyyətindən də danışıb: “Həmin şəxslər siyasi məhbus deyil, müharibə cinayətkarlarıdır. Onlar 2020-ci il müharibəsi zamanı Gəncə, Bərdə və Mingəçevir şəhərlərində mülki yaşayış binalarına raket hücumu əmri veriblər. Bu, günahsız insanların həyatına son qoyan açıq müharibə cinayətidir. Ədalət bərqərar olmalıdır, çünki sülh cəzasızlıq üzərində qurula bilməz.”

Daha sonra hüquq müdafiəçisi Rusiyanın Ukraynaya qarşı təcavüzünü və Avropada təhlükəsizlik sisteminə vurulan zərbəni diqqətə çatdırıb: “Ukraynada müharibə təkcə bir dövlətin deyil, bütün Avropanın təhlükəsizliyinə zərbədir. Beynəlxalq ictimaiyyət insan həyatını siyasi maraqlardan üstün tutmalıdır.”

Əhməd Şahidov çıxışını sülh və ədalət çağırışı ilə yekunlaşdırıb: “Sülh sadəcə söz deyil, məsuliyyətdir. Aqressiyanı dayandırmaq, həqiqəti demək və ədaləti qorumaq cəsarət tələb edir. Azərbaycan inanır ki, davamlı sülh yalnız qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında mümkündür.”

Qeyd edək ki, ATƏT-in Varşava konfransı oktyabrın 17-nə qədər davam edəcək və yekunda yekun bəyanatın qəbul ediləcəyi gözlənilir.