ABŞ, İsrail və İran arasında davam edən hərbi qarşıdurma artıq 27-ci gününə daxil olub və regionda gərginlik pik həddə çatıb. Martın 25-i etibarilə vəziyyət mürəkkəb olaraq qalır, tərəflər arasında qarşılıqlı zərbələr davam edir. Martın 26-da ABŞ ilə İran arasında mümkün görüşün keçiriləcəyi ehtimal olunur. ABŞ prezidenti Donald Trump 15 maddəlik şərtlər paketini açıqlayıb, İran isə öz növbəsində sanksiyaların ləğvi və təhlükəsizlik zəmanətləri kimi tələblər irəli sürür. Bununla yanaşı, SEPAH rəhbərliyi danışıqların mümkünsüz olduğunu bildirir və müharibənin davam etdiriləcəyini vurğulayır. Hörmüz boğazında yaranmış risklər isə qlobal enerji bazarlarında ciddi narahatlıq doğurur.
Siyasi şərhçi Əhməd Şahidov ARB24 televiziyasına müsahibəsində bildirib ki, indiyədək Oman və Cenevrə platformalarında aparılan danışıqların nəticəsiz qalması və İsrailin gözlənilməz hücumları İranın diplomatik proseslərə inamını ciddi şəkildə sarsıdıb: “İran hesab edir ki, bu cür görüşlər tələ xarakteri daşıyır. Ona görə də Tehran yalnız öz şərəf və ləyaqətini qoruyan, real təminatlara əsaslanan razılaşma istəyir. Buraya ilk növbədə gələcəkdə İrana qarşı hərbi əməliyyatların olmayacağına dair konkret öhdəliklər və tətbiq edilən sanksiyaların aradan qaldırılması daxildir.”
Əhməd Şahidov vurğulayıb ki, mövcud şəraitdə vasitəçilik missiyası xüsusi əhəmiyyət daşıyır və bu baxımdan Pakistan ən real və uğurlu namizəd kimi önə çıxır: “Pakistan həm böyük müsəlman dövləti, həm də nüvə silahına malik ölkə kimi regionda ciddi çəkisi olan aktordur. Eyni zamanda həm ABŞ, həm də İranla münasibətləri müəyyən balans üzərində qurulub. Bu faktorlar İslamabadı etibarlı vasitəçi edir. Mən danışıqların yaxın zamanda nəticə verəcəyini aşağı ehtimalla qiymətləndirirəm, lakin Pakistanın prosesə cəlb olunması düzgün və perspektivli seçimdir.”




