Son günlər ABŞ-İsrail-İran qarşıdurması daha da dərinləşməkdədir və əsas diqqət ABŞ-İran danışıqlarının baş tutmaması fonunda Hörmüz boğazının təhlükəsizliyi məsələsinə yönəlib. İranın boğazda nəqliyyat və enerji axınlarına təzyiq imkanlarını artırması, eyni zamanda bölgədə hərbi aktivliyin yüksəlməsi qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb. ABŞ-ın bölgədəki hərbi mövcudluğunu artırması və körfəz ölkələrinin dəstək siqnalları fonunda yaxın günlərdə hərbi əməliyyatların genişlənə biləcəyi ehtimal olunur.
Siyasi şərhçi Əhməd Şahidov ARB24 televiziyasında yayımlanan “Gündəm” verilişində bildirib ki, Hörmüz boğazında təhlükəsiz keçidin təmin olunması üçün ABŞ-ın əsas prioriteti strateji adaların nəzarətə götürülməsidir: “Larak, Xarq, Əbu Musa, Böyük Tumb, Kiçik Tumb və Geşim adaları təkcə coğrafi məkan deyil, həm də İranın müdafiə arxitekturasının əsas dayaqlarıdır. Xüsusilə Xarq adasında İranın əsas neft ehtiyatlarının yerləşməsi bu adanın əhəmiyyətini daha da artırır. Bu baxımdan, ABŞ-ın quru əməliyyatlarına məhz bu adalardan başlaması ehtimalı yüksəkdir”.
Əhməd Şahidov qeyd edib ki, bu prosesin asan olmayacağı artıq indidən görünür: “İran adaların müdafiəsi üçün ciddi hazırlıq görüb və quru əməliyyatları uzunmüddətli müharibəyə gətirib çıxara bilər. ABŞ elit qüvvələr – Delta Force və dəniz piyadalarından istifadə etsə belə, adaların ələ keçirilməsi və xüsusilə də uzun müddət nəzarətdə saxlanılması olduqca çətin olacaq. İran materikdən bu adalara qarşı zərbələri davam etdirəcək və üzən minalardan istifadə edəcək. Eyni zamanda, körfəz ölkələrinin ABŞ-a dəstək verməsi İranın həmin ölkələrə cavab zərbələri endirməsinə səbəb olacaq və bu da münaqişənin coğrafiyasını daha da genişləndirəcək”.





