Yanvarın 26-da Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2026-cı il Qış Sessiyası öz işinə başlayıb. Sessiyanın gündəliyində beynəlxalq təhlükəsizlik, regional münaqişələr, insan hüquqları, Avropanın siyasi gələcəyi və artan geosiyasi risklər əsas yer tutur. Ukraynada davam edən müharibə, Yaxın Şərqdəki gərginlik və Avropa demokratiyalarına yönələn təhdidlər fonunda bu sessiya gərgin siyasi atmosferdə keçirilir.
Hazırda Strasburqda olan hüquq müdafiəçisi Əhməd Şahidov AŞPA-nın Qış Sessiyası ilə bağlı REAL Televiziyasına açıqlama verib. O bildirib ki, sessiya çərçivəsində Moldova Prezidenti Maya Sandunun çıxışı xüsusi diqqət çəkib. Əhməd Şahidovun sözlərinə görə, Sandu Avropanın eyni vaxtda iki müharibə ilə üz-üzə qaldığını vurğulayıb: biri Rusiyanın Ukraynaya qarşı açıq hərbi təcavüzü, digəri isə dezinformasiya, kiberhücumlar və Avropa demokratiyalarına xarici müdaxilə ilə müşayiət olunan hibrid müharibədir. O qeyd edib ki, Moldova Prezidenti Ukraynanın müqavimətini təkcə bu ölkənin deyil, Moldova, region və bütövlükdə Avropanın təhlükəsizliyi üçün həlledici amil kimi dəyərləndirib və Avropa Şurasını demokratiyanın təzyiq və manipulyasiya qarşısında müdafiə xətti adlandırıb. Transnistriya məsələsinə toxunan Sandu bölgədə qeyri-qanuni rus hərbi mövcudluğunu sülh prosesinin əsas maneəsi kimi qiymətləndirib.
Əhməd Şahidov bildirib ki, cari sessiyada Azərbaycanla bağlı mövzu da yenidən gündəmdədir və Assambleyada ölkəmiz əleyhinə tənqidi, birtərəfli çıxışların səsləndirilməsi müşahidə olunur. Onun sözlərinə görə, xüsusilə Azərbaycanda son dövrdə aparılan həbslər bəzi AŞPA üzvləri tərəfindən siyasi kontekstdə gündəmə gətirilir. Hüquq müdafiəçisi qeyd edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da sessiya çərçivəsində çıxışı gözlənilir və ümumi mənzərə AŞPA-da Azərbaycan əleyhinə ritorikanın davam edəcəyini göstərir. O vurğulayıb ki, bütün fikir ayrılıqlarına baxmayaraq, Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvü olaraq qalır.


