Əhməd Şair oğlu Şahidovun «Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu» (İkihecalı sözlərin materialları əsasında) adlı avtoreferatına
R Ə Y
Müxtəlif sistemli dillərin materialları əsasında heca hərtərəfli elmi təhlilini tapmayan fonetik vahidlərdəndir. Bununla belə, müxtəlif dillərin materialları əsasında hecanın fonetik quruluşu, həmçinin də sözün sillabik strukturu barədə müəyyən fonetik təlim ənənəsi mövcuddur və bu ənənə davam etməkdədir.
Belə bir mövzunun davamı kimi Əhməd Şair oğlu Şahidovun namizədlik dissertasiyasını müsbət qiymətləndirmək olar. Tədqiqatda rus və Azərbaycan dillərinin ikihecalı sözləri seçilmiş, həmin sözlərin fonetik və heca quruluşu tipoloji aspektdə öyrənilmişdir. Heca zəncirləri vokalizm- konsonantizm və yaxud əksinə ardıcıllığı üzrə müəyyən edilmişdir.
Aspirant hər iki dildə heca zəncirlərini, sözün sillabik quruluşunu tiplər üzrə qruplaşdırmış, strukturda müşahidə olunan ümumi və diferensial əlamətləri aşkarlamışdır.
3 bölmədən ibarət olan «Rus və Azərbaycan dillərində ikihecalı sözlərdə hecanın fonetik quruluşu» adlı fəsildə hecanın təşkili mexanizmi nəzərdən keçirilir; fonem, sintaqma, sillabik və ritmik quruluşların xarakterik xüsusiyyətlərindən bəhs olunur, digər bölmələrdə söz pozisiyalarına görə heca quruluşunun tipləri qarşılaşdırılır, onların miqdarı dəqiqləşdirilir. Bu baxımdan ikihecalı sözlərin mövqeləri üzrə sintaqmatik quruluşda statistik hesablamalar ağlabatandır.
3 bölmədən təşkil olunmuş işin II fəsli hər iki dildə ikihecalı sözlərin sillabik quruluşundan bəhs edir. Dilçilikdə heca nəzəriyyələri saf-çürük edilir; heca bölgüsünün prinsipləri müəyyənləşdirilir. Bu məsələlərin çözülməsi üçün dissertantın Azərbaycan, rus və xarici ölkə linqvistikasına müraciət etməsi dəyərləndirilməlidir. Tədqiqat göstərir ki, həmin prinsiplər bəzən bir-birinin təkrarından ibarət olmuşdur.
III fəsildə isə qarşılaşdırılan dillərdə ikihecalı sözlərin sillabik quruluşu təhlil olunmuş, həmin tip sözlərin başlanğıc və son hecalarının struktur variantları ayrılmış, bu xüsusda heca zəncirləri müəyyənləşdirilmişdir. Bu fəsildə də statistik hesablamaların faizlər üzrə müəyyənləşdirilməsi ciddi marağa səbəb olur.
Beləliklə, aktual bir mövzuya həsr edilmiş bu avtoreferat dissertasiyanın ümumi məzmununu tam şəkildə ehtiva edir. Mövzu ilə bağlı müəllifin 12 məqaləsi nəşr edilmişdir.
Kiçik bir iradımızı da bildirmək istərdik. Bu da dissertasiya mövzusunun adı barədədir. Belə ki, mövzunun adındakı «quruluş» sözünün birini saxlamaq olardı.
Bu kiçik qüsura baxmayaraq, Əhməd Şair oğlu Şahidovun «Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu» mövzusunda dissertasiyası Ali Atestasiya Komisiyasının qarşıya qoyduğu tələblərə cavab verir və onun müəllifi 10.02.03- Slavyan dilləri, 10.02.01- Azərbaycan dili indeksləri ilə filologiya elmləri namizədi alimlik dərəcəsi adını almağa tamamilə layiqdir.
İsmayıl KAZIMOV, filologiya elmləri doktoru,
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi