Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası çərçivəsində regionla bağlı mühüm siyasi məsələlər müzakirə olunmaqdadır. Sessiya Avropa məkanında təhlükəsizlik, əməkdaşlıq və beynəlxalq münasibətlər baxımından aktual mövzuların gündəmə gətirilməsi ilə diqqət çəkir.
Sessiya çərçivəsində jurnalist və hüquq müdafiəçisi Əhməd Şahidov Şimali Kipr Türk Respublikasının (ŞKTR) millət vəkili, keçmiş xarici işlər naziri Hasan Taçoy ilə müsahibə həyata keçirib. AŞPA-da ŞKTR nümayəndə heyətinin üzvü olan Hasan Taçoy uzun illərdir ölkəsinin xarici siyasət kursunda aktiv rol oynayan siyasi fiqurlardan biri kimi tanınır.
Müsahibə zamanı ŞKTR`nin gələcək perspektivləri və beynəlxalq tanınma məsələləri əsas müzakirə mövzusu olub. Hasan Taçoy bildirib ki, Şimali Kipr Türk Respublikası (ŞKTR) uzun illərdir tanınma mübarizəsi aparır və bir sıra Avropa platformalarında, o cümlədən AŞPA-da təmsil olunur. O qeyd edib ki, Avropa Parlamentində də təmsilçilik hüquqları mövcud olsa da, Kipr rum tərəfi bu hüquqları faktiki olaraq məhdudlaşdırır. Taçoyun sözlərinə görə, mövcud reallıqlar fonunda ŞKTR üçün ən real yol iki dövlətli həll modelidir.
Söhbət zamanı Avropa Birliyi və Avropa Şurası platformalarında ŞKTR`ə münasibətin ədalətli olmadığı vurğulanıb. Hasan Taçoy qeyd edib ki, mövcud yanaşma dəyişməli və Kipr türk xalqının hüquqları beynəlxalq səviyyədə tanınmalıdır. O, həmçinin Türkiyə ilə ŞKTR arasındakı münasibətlərin həyati və strateji əhəmiyyət daşıdığını bildirib, Türkiyənin adada qarantor ölkə kimi rolunu xüsusi qeyd edərək bu əlaqələrin getdikcə daha da gücləndiyini vurğulayıb.
Müsahibədə Türk Dövlətləri Təşkilatının rolu və Azərbaycan–ŞKTR münasibətləri də geniş müzakirə olunub. Hasan Taçoy bu təşkilatın ŞKTR üçün mühüm platforma olduğunu qeyd edərək, üzvlüyün beynəlxalq tanınma istiqamətində önəmli addım sayıldığını bildirib. O, Azərbaycanla münasibətlərin inkişaf etdiyini, liderlər və parlamentlər səviyyəsində təmasların artdığını vurğulayıb və ümid etdiyini bildirib ki, gələcəkdə Azərbaycan ŞKTR`ni rəsmi şəkildə tanıyacaq və bu addım digər türk dövlətləri üçün də nümunə olacaq.








