Ermənistanda parlament seçkilərinə saatlar qaldıqca ölkədə siyasi mübarizə daha da kəskinləşir. Müxalifət nümayəndələrinin həbsi, Rusiyanın İrəvana ünvanladığı sərt mesajlar və Ermənistanın gələcək geosiyasi istiqaməti ilə bağlı müzakirələr seçkiqabağı gündəmin əsas mövzularına çevrilib. Ekspertlər hesab edirlər ki, seçkilərin nəticələri təkcə Ermənistanın daxili siyasətinə deyil, həm də regionda sülh və təhlükəsizlik proseslərinə ciddi təsir göstərəcək.
Əhməd Şahidov ARB24 Televiziyasına açıqlamasında bildirib ki, Ermənistanda seçki gününə 24 saatdan bir qədər artıq vaxt qalıb və bununla bağlı daxili siyasi ritorika xeyli sərtləşib: “Eyni zamanda Rusiyadan da təzyiqlər artmaqdadır. Revanşist qüvvələr hakimiyyətə gəlsələr, Ermənistan yenidən Rusiyanın orbitinə qayıdacaq. Əgər Paşinyan hakimiyyətdə qalarsa, sülh gündəliyi növbəti mərhələyə keçəcək və hətta seçkilərdən sonra iyul-avqust aylarında Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması da mümkündür”.
Siyasi şərhçi qeyd edib ki, Moskva Paşinyanın yenidən hakimiyyətdə qalmasını istəmir və bunun üçün müxtəlif təsir vasitələrindən istifadə edir: “Artıq Rusiyadan Ermənistana qarşı iqtisadi təzyiqlər başlanılıb. Ermənistan məhsullarının Rusiya bazarlarına çıxışında problemlər yaradılır, eyni zamanda Rusiya qazı ilə bağlı da xəbərdaredici mesajlar verilir. Bütün bunlar Kremlin İrəvana təzyiq siyasətinin tərkib hissəsidir və seçkilərdən sonrakı dövrdə bu proseslərin hansı istiqamətdə inkişaf edəcəyi regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır”.






