Ukraynada vəziyyət gərgin olaraq qalır, sülh perspektivi görünmür – Ukraynalı deputat Aleksey Qançarenko AŞPA-da Əhməd Şahidovun suallarını cavablandırıb


Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində hüquq müdafiəçisi və jurnalist Əhməd Şahidov Ukrayna Ali Radasının deputatı, Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Oleksiy Qançarenko ilə müsahibə həyata keçirib. Müsahibədə Ukraynadakı hərbi vəziyyət, Kiyevə beynəlxalq dəstək, Rusiyaya qarşı sanksiyalar, ABŞ siyasəti, İran faktoru və Azərbaycan–Ukrayna münasibətləri müzakirə olunub.

Aleksey Qançarenko bildirib ki, Ukraynada vəziyyət gərgin olaraq qalır və hərbi əməliyyatlar davam edir. Onun sözlərinə görə, hazırda atəşkəs və ya sülh istiqamətində real irəliləyiş yoxdur və Ukrayna bu mərhələdə əsasən ayaqda qalmaq uğrunda mübarizə aparır.

Deputat Avropa ölkələrinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etsə də, qeyd edib ki, mövcud yardım Rusiyanı məğlub etmək üçün yetərli deyil. O vurğulayıb ki, Ukraynaya dəstək davam etməli, eyni zamanda Rusiyaya qarşı sanksiyalar daha da sərtləşdirilməlidir.

ABŞ-la bağlı məsələlərə toxunan Qançarenko həm əvvəlki administrasiya dövründə, həm də hazırkı siyasi mərhələdə göstərilən dəstəyə görə minnətdarlığını bildirib və əlavə edib ki, ümumi vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır. İran məsələsinə münasibət bildirən deputat qeyd edib ki, İran istehsalı dronlar Rusiya tərəfindən Ukraynada geniş istifadə olunub və Yaxın Şərqdə baş verən hadisələr Ukraynaya olan diqqəti azaltmamalıdır.

Azərbaycanla bağlı suala cavabında Aleksey Qançarenko Azərbaycan xalqına və dövlətinə təşəkkürünü ifadə edib. O bildirib ki, Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və Ukrayna da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Deputat Azərbaycanın torpaqlarının işğaldan azad olunmasını böyük məmnuniyyətlə qarşıladıqlarını vurğulayıb və Azərbaycan xalqına salamlarını çatdırıb.